İran ABŞ layihəsinə imza atıb, konsulluğu vurur…

İran ABŞ layihəsinə imza atıb, konsulluğu vurur…

Çabahar limanı ilə bağlı layihə ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə meydana gəlib. İran və Hindistan limanın yükaşırma həcmini artırmaq yolu ilə ticarəti genişləndirmək istəyirdilər.

Bu sözləri AzerTimes-a Çabahar limanından keçməklə Hindistanın Mumbay limanı və Ermənistan arasında fəaliyyət göstərəcək ticarət marşrutunun cari ilin may ayınadək açılması planını şərh edən Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Sadiq Akyar Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq yerinə, fərqli siyasi manipulyasiyalar etdiyini, lakin təxribatların İrəvanın özünə ziyan vuracağını açıqlayıb:

“Çabaharın seçilməsinin səbəbi isə Hindistan və Pakistan arasındakı problemlərdir. Belə ki, Çin Pakistanın Gvard limanını “Bir kəmər, bir yol” layihəsinə daxil etdiyi üçün Hindistan da onun yaxınlığında yerləşən İranın Çabahar limanını seçdi. Əslində burada Dehlinin məqsədi dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri ilə ticarəti inkişaf etdirməkdir. Lakin Bayden iqtidara gəldikdən sonra Vaşinqton Pekinin “Bir kəmər bir yol” layihəsinin əhəmiyyətini azaltmaq üçün müxtəlif layihələr irəli sürdü. Belə layihələrdən biri İMEC, digəri isə Çabahar limanının həcminin artırılmasıdır. Əlbəttə, Vaşinqton-Tehran münasibətlərinə görə, ortada bir sıra çətinliklər var. Sözügedən layihə ilə ABŞ Çinin Mərkəzi Asiya üzərindəki təsirini azaltmaq niyyətindədir. Lakin İran ilə Hindistan arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalanandan sonra gecə ABŞ-ın Ərbildəki konsulluğu atəşə tutuldu. Yəni ortada sual işarələri çoxdur. Amma ABŞ-ın hər zaman iqtisadi məsələləri siyasi və hərbi məsələlərdən ayrı şəkildə dəyərləndirdiyini görürük. Bəs Ermənistanın bu layihəyə qatılmaqda məqsədi nədir? Rəsmi İrəvanın məqsədi bacardığı qədər Zəngəzur dəhlizinin açılmasını ləngitməkdir. Əgər həqiqətən iqtisadiyyatı, ticarəti inkişaf etdirmək istəyirlərsə, Türkiyə Ermənistana Azərbaycanla sülh müqaviləsinin imzalanması şərtilə ən qısa yolu – “Əlican” sərhəd qapısının açılmasını təklif edib. Onsuz da indiki vəziyyətdə Çabahar limanı Ermənistan üçün çox uzaqdır, ən yaxın liman Bəndər-Abbasdır. Nəticə olaraq demək istəyirəm ki, İrəvanın layihəyə girməsinin Azərbaycana o qədər də təsiri olmayacaq. Ermənistan sülh müqaviləsini imzalamaq və ən səmərəli, yaxın yol olan “Əlican” sərhəd qapısının açılmasını təmin etmək yerinə, başqalarının diktəsi ilə siyasi manipulyasiya və təxribat yolunu seçir. Lakin yenə sonda qazdığı quyuya özü düşəcək”.

Teqlər: