İradə İsaq sirləri açdı: Çingiz Aslan savadlıydı, qazanırdı…

İradə İsaq sirləri açdı: Çingiz Aslan savadlıydı, qazanırdı…

Siyavuş Aslanın 2 oğlu vardı: Çingiz və Eldar. Dəfələrlə evlərində olmuşam onların, hər iki qardaşla ən yaxşı vaxtlarında həmsöhbət olmuşam. İndi hamı yazı: “nankor övladlar”, “böyük aktyorun baxılmayan oğlanları”, “evdən oğurlanan pullar”, “Siyavuş milyon qazanırdı, yaxşı ata olub…” Bir ailənin içini kim bilir?

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış jurnalist İradə İsaq xalq artisti Siyaviş Aslanın oğlu Çingiz Aslanın vəfatı və bir həftə morqda qalması ətrafında yayılan söz-söhbətlər barədə qeyd edib.

O bildirib ki, Çingizin “Mersedes”i vardı, yaxşı pul qazanırdı, bizneslə məşğul olurdu hər iki qardaş:

“Evlənmişdilər də. Eldar özünü dinə verməklə xilas edə bildi. Və bir də vətəndaş kimi ona baxacaq ölkəyə, Kanadaya sığındı. Çingiz zəif çıxdı. O da getməli idi. Zəif olan o deyildi əslində. Ailə münasibətləri idi.

Siyavuş bəylə Ofeliya xanım övladlarının ən vacib çağında ərgənlik dönəmində düşmən oldular, amma boşanmadılar. Evdən çoxsaylı davalar, qışqırıqlar kəsilmirdi. Çünki Ofeliya xanıma bir şey öyrədilmişdi, dözəcəksən!

Siyavuşun çoxsaylı qadın xəyanətləri, zalım xarakteri vardı. Həssas Ofeliya xanımın psixologiyası çox dözmədi. Gözünə adamlar göründü, səslər eşitdi, qorxulu yuxular görməyə başladı. Özü bunu vergi almasına yozdu. Ofeliya xanımın özü də ata evində çox problem yaşamışdı. Aldatmalar onun beyninə özünü aldatma, hər şeyi hamıdan əvvəl görmək xəstəliyi şəklində qayıtdı.

Ofeliya xanım falçılıq etməyə başladı. Siyavuş bəy buna dözmədi. İndi də “sən dəli olmusan, məni biabır edirsən” davaları başladı. Həyat yoldaşı ilə oturub söhbət etmək, onu etaplı müalicələr etdirmək, daha qayğı ilə yanaşmaq əvəzinə aparıb onu Psxiatrik Xəstəxanaya saldırdı.

Və bunu Ofeliya xanım bir ömür ərinə bağışlamadı”.

İradə İsaq deyib ki, bir evin bir qapısına iki ad yazılmışdı:

“Çəkmişdim bunu – bir qapıya Siyavuş Aslan, o biri qapıya Ofeliya Aslan. Sonra familiyasını da dəyişdi Ofeliya xanım, Əfqanlı oldu deyəsən, atası Rza bəyin adını geri götürdü.

Və bu evdə iki ərgən oğlan böyüyürdü. Hamının yazdığı kimi, var-dövlət vardı. Amma o evdə sevgi, övladlarına qayğı, onları məktəbə yola salma, problemləri olanda dinləmə, ərgənlik çağlarında qoruyan bir ana və bir ata yox idi. Pul var idi, sevgi yox idi.

Hansı vacibdir desəm? Hamı pulmu deyəcək?!

Ana yox idi. Eyni evdə, ayrı otaqda ərinə nifrətlə yaşayan havalanmış ana ilə böyüdü o oğlanlar. Evə gec-gec gəldilər. Bir az pul vardı deyə, pis dostlar pis yönlərə dartdılar bəlkə.

O ailədə bir faciə yaşanırdı. Ofeliya xanımla bağlı bir veriliş hazırlamışdım, Siyavuş bəy bütün günahlarını etiraf etmişdi. O verilişdən 1 il sonra da dünyasını dəyişdi. Ən böyük səhvin özündə olduğunu bilirdi çünki. Çətin adam idi Siyavuş bəy.

Oğlanlar təhsil aldı, özlərinə iş qurdu. Eldar iki dəfə ailə qurdu. Dinlə xilas etməyə çalışdı özünü. Hər ikisi rusdilli, ali təhsilli, savadlı idilər avara dediklərinizin.

Yekəlib yekə kişi olmuşdular. Amma ailəsinin sevmədiyini kim sevər? Sevilməyəcəklərinə inamla qurulan ailələri də dağıldı. Çingiz elə yaxşı insan idi ki – mədəni, mərifətli. Amma yekəlib yekə adam olanda da lənət uşaqlıq travmaları adamın yaxasını buraxmır axı. Uğursuz olursan hər yerdə, işdə də, ailə də. Onlar sevgisiz, yiyəsiz qalmışdılar bir ömür. Dünyada ən böyük dəhşət yiyəsiz qalmaqdır bəlkə. Səni tək buraxanları cəzasız buraxmırsan axı.

Bu yolda özünü də yandırırlar, valideynlərin adını da. Cəza ikibaşlı olur.

O ikrahla “alkaş, narkoman” dediyiniz insanlar bir tikə sevgiyə, diqqətə möhtac qalmış uşaqlardır. Uşaqlarınızın ürəyini tək, nəzarətsiz buraxmayın. Hər insan güclü deyil. İçindəki atılmışlıq, dışlanmışlıq duyğusu ilə mübarizə apara bilmir.

Haralarasa sızır qalır. Əvvəl özü, sonra cəsədi yiyəsiz qalır.

Vaxtında boşanın, zamanında gedin, həyat sizi daha da bədbəxt etməyəcək. Uğursuz evliliklərin uşaqları daha fəsadlı böyüyür. Həyata güvənin. O sizi bir yerdə çox saxlamırsa, izləyin onu. Onun mütləq ki, yeni hədiyyələri olacaq. Qorxmayın həyatdan.

Yiyəsizlikdən qoruyun əvvəl özünüzü, sonra övladlarınızı…”

Teqlər: