Abşeron Rayon İcra Hakimiyyətində fəaliyyətlərində fərqlənən təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə RİH başmçısı İradə Gülməmmədova, rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov, Abşeron rayon ATİAHİ-nin sədri Vahid Əliyev,“Tərəqqi” medalı və Fəxri Fərman alan müəllimlər iştirak edib.
Tədbirdə RİH başçısı İ.Gülməmmədova çıxış edərək təhsil işçilərini əldə etdikləri uğurlara görə təbrik edib. 44 günlük müharibədə iştirak edən və fədakarlıq göstərən Abşeron məktəblərindən danışan icra başçısı şəhid olan müəllimi hörmətlə yad edib.
İ.Gülməmmədova bildirib ki, müəllim adı ən uca addır. Hamımızın həyatda nail olduqlarımız hər şeyə görə müəllimlərimizə börclu olduğumuzu önə çəkən başçı əlavə edib ki, bu gün müəllimlərin öhdəsinə də daha böyük vəzifə düşür: “Onlar vətən üçün layıqli, vətənpərvər, bilikli, savadlı, hərtərəfli övlad yetişdirməlidirlər. Şagirdlərimiz gərək birtərəfli inkişaf etməsin, hər hansı peşəni seçməsindən asılı olmayaraq onlar gərək tarixi, coğrafiyanı, xarici dilləri yaxşı bilsinlər. Sərhədlərimizi, qonşularımızı tanısınlar. Dostla düşməni ayıra bilsinlər. Siyasi biliyə malik olsunlar. Xarici ölkələrdə təhsil alarkən ölkəmizi layiqincə təmsil etsinlər və ölkəmiz haqqında düzgün məlumat çatdırsınlar. Ölkə Rəhbərimiz Cənab İlham Əliyev çox güclü siyasətçidir. O, müharibədən əvvəl və müharibə dövründə xarici jurnalistlərə müsahibələr verir, Azərbaycan xalqının öz tarixi torpaqlarını işğalçılardan azad etdiyini bütün dünyaya bəyan edirdi. Cənab Prezidentin diplomatiyası, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində düşmənə qalib gəldi. Ermənilər Kapitulyasiya aktına imza atmağa məcbur oldu. Müəllimlər bu siyasətdən bəhrələnməli və şagirdlərə aşılamalıdırlar”.
O da qeyd olunub ki, düşmən işğal müddətində azad olunmuş ərazilərimizi darmadağın edib, əksər tarixi abidələrimizi məhv edib, bir çoxunu isə mənimsəməyə çalışıb. Düşmən həmişə yanımızdadır, odur ki, uşaqlara ayıq-sayıqlığı heç vaxt əldən verməməyi aşılamaq gərəkdir.
Sonra İ.Gülməmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layıq görüldüyünə görə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dil ədəbiyyat müəllimi İradə Talıblını, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görüldüyünə görə Məmmədli kənd orta məktəbinin tarix müəllimi Aidə Şərifovanı və Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülən Xırdalan şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Çiçək Cəfərova, Ceyranbatan 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi Xuraman Əhmədova və Masazır 2 saylı tam orta məktəbin kimya müəllimi Ülviyyə İbrahimovanı təbrik etdi.
Daha sonra Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov, rayon ATİAHİ-nin sədri Vahid Əliyev və müəllimlər çıxış edərək göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.