İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə yeni səlahiyyət verildi

Nazirlər Kabineti “Azərbaycan yaşıllaşdırma və landşaft
quruluşu” ASC-nin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” qərara
dəyişiklik edib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, bu Qərarda dəyişiklik
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun
edilə biləcək.

Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq
qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin
razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi
şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə
biləcək.

İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin
olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki
müavinindən ibarətdir.

Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və
vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan
Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən
vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki
müavinindən ibarət idi.

Teqlər: