Martın 10-da İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə
Şurasının ilk iclası keçirilib.
AzerTimes xəbər verir ki,
Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müşaviri Səməd
Bəşirlinin sədrliyi ilə baş tutan iclasda İqtisadi Zonaların
İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən
Elşad Nuriyev və Şuranın üzvləri iştirak ediblər.
İlk olaraq diqqətə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən
sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə
edilməsinin təkmilləşdirilməsi məqsədilə ölkə başçısının 22 yanvar
2021-ci il tarixli fərmanı ilə İqtisadi Zonaların İnkişafı
Agentliyi yaradılıb və həmin ilin 21 dekabrında prezidentin müvafiq
fərmanı ilə Agentliyinin Nizamnaməsi təsdiq edilib.
Göstərilən bu yüksək etimada görə sədr və üzvləri dövlət
başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, Müşahidə Şurası qabaqcıl təcrübə və müasir
idarəetmə tələbləri çərçivəsində Agentliyin fəaliyyətində
səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ
idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək
istiqamətində fəaliyyət göstərəcək.
İclasda Elşad Nuriyev tərəfindən 2021-ci il ərzində sənaye
zonaları və aqroparklarda həyata keçirilmiş tədbirlər və görülmüş
işlər barədə məlumat verilib, qrumun illik fəaliyyətinə dair
hesabatı dinlənilib, cari il üçün qarşıya qoyulmuş prioritet
inkişaf istiqamətləri, təşkilati-inzibati məsələlərlə bağlı
müzakirələr aparılıb.
Sonda Agentliyin strukturunun formalaşdırılması və digər zəruri
hüquqi prosedurların tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul
edilib.