İqtisadi inkişafımız ordu quruculuğuna böyük diqqət ayırmağa imkan verdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2010-2020-ci illərdə iqtisadiyyatımızın inkişaf etməsi və dayanıqlı iqtisadiyyata çevrilməsi ordu quruculuğuna böyük diqqət ayrılmasına imkan yaratdı.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, son 10 ildə Prezidentin rəhbərliyi ilə ordu quruculuğu sahəsində böyük işlər görülüb: “Burada birinci növbədə təşkilat və ştat strukturunun təkmilləşdirilməsidir ki, bunun nəticəsində peşəkar, vətənə bağlı olan hərbi kadrların yetişdirilməsi və onlar arasında düzgün vəzifə bölgüsünün aparılması təmin edib. Digər tərəfdən, hərbi qulluqçularımızın sosial-məişət şəraitinin yaxılaşdırılması istiqamətində böyük işlər görülüb. Son 10 ilin mənzərəsinə nəzər salsaq, görərəik ki, ölkəmizin iqtisadiyyatı gücləndikcə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əməkhaqlarının artırılması Ali Baş Komandanın hərbi qulluqçulara olan böyük diqqət və qayğısının nəticəsidir.

Hərbçilərin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması istiqamətində də Azərbaycanda son 10 ildə böyük işlər görülüb, bunun üçün müasir poliqonlar tikilib. Döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı və perşəkar mütəxəsislərin təyin edilməsi ordunun gücünü daha da artırıb. Eyni zamanda, bu illər ərzində Azərbaycan ordusunun şəxsi heyətinin peşəkarlığının artırılması üçün istər ölkə daxilində, istər ölkə xaricində çoxlu sayda hərbi təlimlər təşkil edilib və biz ordumuzun peşəkarlığının artmasının şahidi olmuşuq. Azərbaycan ordusunun gücü beynəlxalq reytinqlərdə də öz əksini tapırdı. Burada vacib məqamlardan biri Azərbaycan gəncliyinin milli ruhda yetişdirilməsidir. Bu istiqamətdə ölkəmizdə kifayət qədər böyük işlər görülüb, Vətənə, millətə bağlı gənclər yetişdirilib”.

Deputat əlavə edib ki, həmçinin son 10 ildə müdafiə potensialının gücləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində çox böyük işlər görülüb: “Azərbaycanın müdafiə büdcəsi Ermənistanın ümumi büdcəsindən çox olub. Azərbaycanın daha müasir silahlar əldə etməsi və bu silahlardan hərçilərimizin peşəkarlıqla istifadə etməsi üçün tədbirlərin həyata keçirilməsi ordumuzun qüdrətini daha da artırıb. Eyni zamanda, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordumuzun hərbi sursatlarla təminatını xeyli dərəcədə yaxşılaşdırıb. Nazirlik 1000-dən artıq hərbi silah və sursat istehsal edir və bu hərbi məhsullar ordumuzu təchiz etməklə yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu, həm də Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq arenada tanınmasına mühüm töhfə verir”.

C.Osmanov vurğulayıb ki, bütün görülən bu işlər öz müsbət nəticəsini verdi və döyüş meydanında öz əksini tapmaqla Azərbaycan ordusunun qüdrətini göstərdi: “44 günlük Vətən müharibəsində ordumuzun gücü nümayiş olundu. Azərbaycan ordusu 30 illik işğala cəmi 44 günə son qoydu. Ermənistan ordusunu darmadağın etməklə Azərbaycan ordusu göstərdi ki, dünyanın qabaqcıl, müasir ordularından biridir. Bütün bu uğurlara Müzəffər Ali Baş Komandan İlham Əliyevin qurduğu düzgün strategiya, ordu quruculuğu sahəsində həyata keçirdiyi mükəmməl və düşünülmüş siyasət nəticəsində nail olduq”.

Teqlər: