İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərin nüfuzlu xəbər mənbələri olan media orqanlarının siyahısını müəyyənləşdirib.
AzerTimes-ın məlumatına görə, siyahıda Azərbaycan üzrə informasiya mənbəyi kimi “Azernews” qəzeti seçilib.
Azərbaycanın ilk ingilisdilli qəzeti olan “Azernews”un da yer aldığı siyahıda “The Kabul Times”, “Tolo News”, “Tehran Times”, “The Astana Times”, “Kabar”, “The Express Tribune”, “Dawn”, “Khovar”, “Anadolu agency”, “Turkmenistan.ru”, “Uzdaily” media orqanları yer alıb.
İƏT tərəfindən müəyyənləşdirilmiş media orqanlarının siyahısı təşkilatın rəsmi saytında yerləşdirilib. Sayta daxil olan istifadəçilər müəyyən olunmuş siyahıdakı media orqanlarının elektron səhifələrinə keçid edə bilərlər.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən “Azernews” qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. “Azernews” Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür.
“Azernews” qəzeti həmçinin Parisdə yerləşən “Sparknews” təşkilatının yaratdığı “Impact Journalism Day” beynəlxalq hərəkatına dəvət olunub və hərəkata daxil edilib. 60 beynəlxalq media nümayəndəsini özündə birləşdirən hərəkatda “USA Today” (ABŞ), “Huffington Post” (ABŞ), “The Sunday Times” (Böyük Britaniya), “Le Monde” (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.
“Azernews” qəzetinin çap versiyası ABŞ şirkəti tərəfindən xaricdə – ABŞ, Böyük Britaniya, Rusiya, Çin və s. ölkələrdə yayımlanır. Qəzetin həm də onlayn versiyası mövcuddur.