İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb – “Azərişıq”

Xəbər - Humay Ağacanova – Trend:

“Azərişıq” ASC Enerji Satışı Departamenti direktorunun 1-ci müavini enerjinin tarif tənzimlənməsinin səbəblərini açıqlayıb.

Bununla bağlı AzerTimes-a açıqlamasında “Azərişıq” ASC Enerji Satışı Departamenti direktorunun 1-ci müavini Vüqar Nəbibəyli bildirib ki, “Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisinin topdan və pərakəndə tariflərinin yenidən tənzimlənməsi zərurəti yaranıb.

Onun sözlərinə görə, elektrik enerjisinin topdansatış tarifinin artırılması nəticəsində “Azərişıq” ASC üzrə yaranan əlavə xərc bütün istehlakçılar (əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət və s.) üzrə bölüşdürülməlidir: “Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur. İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63%-ni təşkil edir. Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır”.


Vüqar Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 1 dekabr 2016-cı il tarixindən tətbiq olunur: “Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib”.

“Azərişıq” ASC Enerji Satışı Departamenti direktorunun 1-ci müavini nəzərə çatdırıb ki, 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb: “Qeyri-əhali istehlakçı qrupları üzrə tarif dəyişikliyi ticarət və xidmət abonentlərində 11 qəpik, digər istehlakçılarda isə 10 qəpik təsdiq edilib. Bu iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaq. Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək. Azərbaycanda alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaranır. Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyatı və təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri, inkişaf etdikcə daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər”.

Teqlər: