İqtisadçıdan MƏŞĞULLUQ ŞƏRHİ: “Qanun yalnız əmək müqaviləsi olan işçiləri sığortalayır” / VİDEO

“Azərbaycanda iqtisadi baxımdan fəal əhalinin 70 faizə qədəri istənilən böhran situasiyasında sosial risk altındadır”.

Bunu pandemiya və sərt karantin rejiminin sosial təsirlərini Yenicag.az-a dəyərləndirən iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, ölkədə məşğulluq və sığorta qanunvericiliyi yalnız əmək müqavilələri ilə işləyənləri işsizlikdən sığortalayır. İqtisadi fəal əhalinin hər 3 nəfərindən yalnız 1-i əmək müqaviləsilə çalışır. Bu isə hüquqi problemlərin təsirlərini daha da artırır:

“Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal sosial müdafiə hesabatına görə, Azərbaycan dünyada işsizlikdən sığorta ilə ən məhdud səviyyədə əhatə olunan ölkələr sırasındadır.

Hesabata görə, bizdə potensial işsizlərin ən yaxşı halda 2-3 faizi işsizlik müavinəti ala bilir. Ancaq inkişaf etmiş ölkələrdə həmin göstərici 60 faizdən aşağı deyil. Qanunvericilik yalnız əmək müqaviləsi əsasında çalışan əmək qabiliyyətli insanları sığortalayır.

Belə ki, Vergi Məcəlləsinin 220.5 və 220.10-cu maddələri ilə sadələşdirilmiş vergi ödəyiciləri olan bir sıra fəalliyyətlər həm gəlir əldəetmə, həm sosial risk səviyyəsinə, həm də fəaliyyətin xarakterinə görə muzdlu fəaliyyətə yaxındırlar.

Nəticədə onların işsizlik sığortasından kənarda qoyulması xeyli sayda əmək qabiliyyətli insanı iqtisadi böhranlar zamanı sosial cəhətdən müdafiəsiz saxlayır. Onların bir çoxunun sərbəst peşə sahibləri statusu alıb işsizik sığortasına cəlb edilməsi vacibdir.

Bura çəkməçi, pinəçi, fərdi foto və audio-video xidmətləri göstərənlər, saatsaz, televizor, soyuducu və digər məişət cihazlarını təmir edənlər, ev qulluqçuları, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə və fərdi sürücülər, bağban, aşpaz, gözətçi və ofisiantlar, dərzilər və sair daxildir”.

Rövşən Ağayev bildirib ki, məşğulluq qanunvericiliyi torpaq payı olanları işsiz saymır və işsizlik sığortasının əhatəsinə daxil etmir. Halbuki 4 nəfərlik ailə üçün 1 hektar torpaq heç yaşayış minimumu səviyyəsində gəlir əldə etməyə belə imkan vemir:

“Torpağın sahəsinə fərq qoymadan bütün torpaq payı alan kənd əhalisini ucdantutma məşğul saymaq ciddi iqtisadi problemdir. Hər hansı səbəbdən dolayı həmin torpaq sahəsi ailənin əlindən çıxarsa, o zaman işsizlik sığortası olmayan bu insanlar avtomatik işsizlikdən sığortalanmırlar”.

[embedded content]

Gülşən Şərif

www.yenicag.az