“İqlim maliyyəsi” mövzusunda dəyirmi masa təşkil olundu

“İqlim maliyyəsi” mövzusunda dəyirmi masa təşkil olundu

Noyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində təşkil olunan “İqlim maliyyəsi” mövzusunda yüksək səviyyəli dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a bildiriblər ki, dəyirmi masa müzakirələrində, həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və digər yüksək səviyyəli nümayəndələr, o cümlədən beynəlxalq maliyyə institutlarının nümayəndələri, investor və maliyyə mütəxəssisləri iştirak ediblər.

Dəyirmi masa müzakirələrində Azərbaycanın COP29 sədrliyi adından çıxış edən nazir Ceyhun Bayramov COP29 sədrliyinin prioritetləri, xüsusilə iqlim maliyyəsi gündəliyinin tranformasiyası istiqamətində Azərbaycan sədrliyinin fəaliyyəti barədə ətraflı məlumat verib.

İqlim dəyişikliyinin mənfi təsir və nəticələrinin aradan qaldırılmasının çoxtərəfli həll yolları və inklüziv proses tələb etdiyi, dünyanın müxtəlif bölgələrində, 2022-ci ildə Pakistanda, habelə bu yaxınlarda Karib hövzəsi, Hindistan, Banqladeş, Nigeriya, Çad, İspaniya və s. bölgələrdə baş verən ölümcül daşqınlar kimi fəlakətlərin müvafiq həll yolları tapılmasını labüd etdiyi diqqətə çatdırılıb.

İqlim dəyişikliyi ilə əlaqəli bu kimi fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində Şarm əl-Şeyxdə əldə olunan və Pakistanın G-77 sədrliyi dövrünə təsadüf edən İtki və Zərərə cavab verən Fondun yaradılması ilə bağlı tarixi razılaşmanın əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimizin təbii fəlakətlərin baş vermə risklərini artıran, insan həyatı və qlobal iqtisadi sabitliyi təhdid edən iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların yüksəldilməsi və fəaliyyətin artırılmasına hədəfləndiyi qeyd olunub. Bu istiqamətdə, iqlim maliyyəsi sahəsində mövcud boşluğun aradan qaldırılaraq, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun şəffaf və əlçatan mexanizmlərin yaradılmasının maliyyə resurslarının cəlbi qədər vacib olduğu qeyd olunub.

“Yaşıl dünya naminə həmrəylik” çağırışı ilə Bakıda keçirilən COP29-un iqlim maliyyəsi gündəliyinin transformasiyası baxımından vacib fürsət olduğu vurğulanıb və bu istiqamətdə COP29-un uğuruna dair ümidvarlıq ifadə olunub.

Teqlər: