İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub – Direktor

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda iqlim dəyişikliyi bir çox ərazilərdə, xüsusilə arid (quraq) ərazilərdə su ehtiyatlarının azalması, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, səhralaşma prosesinin genişlənməsi kimi faktlarla özünü büruzə verib.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Araşdırmalar Mərkəzinin direktoru Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, 1991-ci ildən indiyədək aparılan qiymətləndirmələrə görə, atmosferə atılan qazların miqdarının çox olması səbəbindən Yer səthinin istiləşməsi, Günəş şüalarının əks olunması kimi proseslərdə dəyişikliklər olub. Bunun nəticəsində son 30 ildə havanın temperaturu 1 dərəcə selsiyə yaxın artıb. Bu da dünyanın müxtəlif bölgələrində müxtəlif dəyişikliklərə səbəb olub.


AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AzerTimes-a bildirib ki, İqlim dəyişmələri üzrə aparılmış tədqiqatların nəticəsinə görə, Azərbaycanın bütün ərazisi üçün temperatur artmasının orta qiyməti planet üzrə orta qiymətə yaxındır (1,0 °C). Bu artmalar (0,2-dən 1,5 °С-dək) ərazi boyunca bərabər paylanmayıb.

Bütün müşahidə dövründə temperatur artımı Kür-Araz düzənliyində (0,4-0,9 °С), Qazax-Gəncə zonasında (0,6-1,1 °С), Böyük Qafqazın Cənub yamacında (0,5-0,8 °С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 °С) və şimal (0,4-0,6 °С) yamaclarında müşahidə olunub.

Teqlər: