İqlim dəyişikliyi ilə bağlı gənclər konfransı keçirilib (FOTO)

Mayın 4-də IDEA İctimai Birliyi, Böyük Britaniyanın
Azərbaycandakı Səfirliyi və ADA Universitetinin birgə
təşkilatçılığı ilə Azərbaycan Gənclər İqlim Konfransı
keçirilib.

IDEA-dan AzerTimes-a
verilən məlumata görə, tədbir zamanı diplomatik korpusun
nümayəndələri, ekspertlər və gənc liderlər Böyük Britaniyanın
Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransının
(COP26) nəticələrini nəzərdən keçirib, iqlim böhranı ilə mübarizə
yollarını müzakirə ediblər. Həmçinin, konfransda Azərbaycanda iqlim
dəyişikliyi ilə mübarizə səyləri, qlobal istiləşmə probleminin
həllində gənclərin rolu və liderlik perspektivlərinə dair
təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.

Qeyd edilməlidir ki, 2021-ci ildə keçirilmiş COP26 İqlim
Konfransında dünya ictimaiyyəti tərəfindən istixana emissiyalarının
azaldılması və qlobal istiləşmə ilə mübarizənin maliyyələşdirilməsi
kimi mühüm məsələlər üzrə bir sıra öhdəliklər götürülmüşdür.
Tədbirin ev sahibi kimi Böyük Britaniya bir sıra ambisiyalı iqlim
öhdəlikləri qəbul etdiyini elan etmiş və dünya ölkələrinin iqlim
dəyişmələri ilə mübarizədə səylərini birləşdirmək üçün bir neçə
qlobal iqlim təşəbbüslərini irəli sürmüşdür. Azərbaycan Gənclər
İqlim Konfransı Yer Günü 2022-yə həsr olunub. Tədbirin əsas məqsədi
qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında
gənclərin məlumalılığını artırmaq və bu məsələdə onların fəallığını
artırmaqdan ibarətdir.

Hər il aprelin 22-də ətraf mühitin mühafizəsinə dəstək nümayiş
etdirmək məqsədilə təşkil edilən Yer Günü 2022-ci ildə “Planetimizə
investisiya edək” şüarı altında keçirilib.

Teqlər: