Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035
nəfərə ipoteka krediti verilib. Bəs ipoteka ilə alınmış mənzilin
yerləşdiyi bina hər hansı səbədən sökülərsə, bu halda ipoteka
götürən nə etməlidir?
İpoteka və Kredit Zəmanət Fondundan AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, Azərbaycan Respublikası İpoteka və Kredit
Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə
təminat qismində çıxış edən ipoteka predmeti məhv olduqda, həmçinin
üzərində mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş digər
hallarda itirildikdə və ya zədələnmə nəticəsində öz birbaşa
təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə
borcalan tərəfindən ipoteka krediti üzrə ödənişlərin həyata
keçirilməsi davam etdirilir.
““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci
maddəsinə əsasən İpoteka qoyanın ipoteka predmeti olan əşyaya
mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və
qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və
ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana
başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz
kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka
saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin
üstün ödənilməsi hüququnu əldə edir”, – deyə məlumatda qeyd
olunub.