İNTİSAD-ın rəhbəri Bakıda: Ticarət 50 milyarda qalxa bilər

İNTİSAD-ın rəhbəri Bakıda: Ticarət 50 milyarda qalxa bilər

Türkiyəli tanınmış vəkil, İNTİSAD-ın (İnternasional Türkiyə İş İnsanları Dərnəyi) sədri Səlahəddin Parın Axar-a müsahibəsi:

– Səlahəddin bəy, ölkəmizlə bağlı təəssüratınızdan başlayaq…

– Bundan öncə də Azərbaycana bir neçə dəfə səfər etmişəm. İlk dəfə təxminən on il öncə gəlmişəm. O gündən bəri, xüsusilə son beş ildə həm şəhərsalma, həm iqtisadi, həm də insanların rifah halı ilə bağlı müsbət mənada dəyişikliklərin şahidi oldum.

– Vəkillik fəaliyyətinizlə yanaşı, eyni zamanda İNTİSAD-ın sədrisiniz. Dərnək və gördüyünüz işlərlə bağlı məlumat verməyinizi xahiş edirəm.

– Dərnəyimiz 2017-ci ildə İstanbulda qurulub və hazırda dünyanın 9 ölkəsində nümayəndəliyimiz var. Üç əsas fəaliyyət məqsədimiz var: birincisi, dünya artıq qlobal bir şəhərə çevrilir və bizim beynəlxalq əlaqələr şəbəkəsinə ehtiyacımız var. Ona görə də qarşımıza beynəlxalq səviyyədə dostluq və ticarət şəbəkəsi formalaşdırmaq hədəfini qoyduq; ikincisi, iş adamları təmsil etdikləri cəmiyyətin lokomotivləridir və qazanılan hər uğurda ölkənin, xalqın mütləq şəkildə payı var. Bu səbəbdən cəmiyyətə borcluyuq və qazandığımızla borcumuzu ödəmək üçün həm ölkəmizdə, həm də xaricdə sosial layihələr həyata keçirməliyik. Nümunə kimi Türkiyədə ənənəvi olaraq şəhid və qazi ailələri üçün təşkil etdiyimiz iftar süfrələrini, Afrikadakı gənclərə edilən yardımları, təqaüd proqramlarını və s. göstərmək olar; üçüncüsü isə dərnəyimizi, məcazi dillə desək, iş insanları fabrikinə çevirmək istədik. Tələbəlik illərində mənə məsləhət verən, bələdçilik edən insanlar vardı. Onların sayəsində məzun olduqdan sonra nə ilə qarşılaşacağımı çox yaxşı öyrəndim. İNTİSAD da tələbələrə model olmağa çalışır. İş həyatına keçiddə, sosial həyatda sıxıntı çəkməmələri üçün onlara iş, staj imkanı veririk.

– Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

– 10 il öncə ilk dəfə Azərbaycana gəldiyim zaman yenə bizə baxış çox isti olsa da, indiki qədər yaxın deyildi. Yəni mübaliğəli şəkildə desək, Qarabağ Zəfəri və zəlzələdən öncə əmiuşağı idik, indi isə qardaş olduq. Dövlət və millət olaraq ən ağır günlərdə bir-birimizin yanında olduq. Şuşa Bəyannaməsinin imzalanmasından sonra ölkələrimiz arasında ticarət həcmi artmağa başladı. İşğaldan azad edilən torpaqlarda və digər bölgələrdə Türkiyənin iş adamlarına xeyli imkanlar yaradıldı. Bəs bu bəs edirmi? – Əlbəttə ki, xeyr. Çünki mövcud potensial qat-qat çoxdur. Hazırda mövcud olan təqribən 20 milyard dollarlıq ticarət həcmini rahat şəkildə 50 milyard dollarədək yüksəltmək mümkündür. Azərbaycana səfərimizin əsas səbəblərindən biri də Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak idi. Dərnək olaraq da burada yaxın gələcəkdə bir sıra layihələri gerçəkləşdirməyi planlaşdırırıq. Əlbəttə, qarşılıqlı fəaliyyət ticarət dövriyəsini də artıracaq. Çünki Azərbaycan və Türkiyə strateji bölgədə yerləşir, ölkələrimiz bir-biri üçün daha böyük iqtisadi məkana, yeni bazarlara çıxış üçün qapı rolunu oynayır.

– Zəngəzur dəhlizinin iqtisadi imkanlarını necə qiymətləndirirsiniz?

– Türkiyə və Azərbaycan arasında quru qolun olması Ədirnədən Çinədək birbaşa yolun yenidən açılması, tarixi İpək Yolunun canlanması deməkdir. Türkiyə dövləti son 10 ildə bütün ölkədə genişşaxəli nəqliyyat layihələri həyata keçirdi. Zəngəzur dəhlizinin açılması Azərbaycana və digər qardaş ölkələrimizə Türkiyə üzərindən dünya bazarına çıxmaq üçün yeni imkanlar verəcək. Eyni zamanda biz də Azərbaycan üzərindən qardaş ölkələrimizlə rahat şəkildə əlaqə qura biləcəyik. Yəni birlikdə böyük bir iqtisadi və sonra siyasi mərkəzə çevriləcəyik. Əlbəttə, bu kimlərinsə xoşuna gəlmir. Ancaq kiminsə xoşu gəlmir, istəmir deyə, biz yolumuzdan qala bilmərik.

– Dünyanın təhlükəsizlik arxitekturasının yenidən qurulduğu mərhələdəyik. Qarşıdan gələn yeni dünya düzənində özümüzə layiqli yer tutmaq üçün güclü olmaq lazımdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələr strateji mahiyyət daşıyır. Bu əlaqələr necə inkişaf etdirilə bilər?

– Baş verən qlobal proseslər çərçivəsində nə qədər dövlətlər əsas aktor kimi görünsə də, əslində bir çox sahədə sərhədlər götürülmüş vəziyyətdədir. Yəni dünyanın bir yerində baş verən hansısa müharibə, yaxud problem digər ölkələrə də ciddi təsir göstərir. Ona görə də tez zamanda daxili problemləri həll edib, başımızı qaldırıb, gedən qlobal proseslərdə nə qədər söz sahibi olduğumuza baxmalıyıq. Yəni dünyanı idarə edənlər arasındakı yerimizə nəzər yetirməliyik. Bunun üçün də siyasi, iqtisadi, hərbi güc və ideoloji baxımdan söykənə biləcəyimiz güclü təşkilat lazımdır. Bütün bunlar fonunda TDT çərçivəsində ticarət həcmimizi gücləndirməli, ortaq gömrük, vergi güzəştləri, vizasız gediş-gəliş kimi bir çox məsələləri həyata keçirməliyik. Əgər müxtəlif məsələlərdə dünyanın taleyi ilə bağlı qərar verildiyi zaman söz sahibi olmaq istəyiriksə, bunları etməliyik.

Teqlər: