“İntilligent cəllad”ın nəvəsi Acalov kimdir?

“İntilligent cəllad”ın nəvəsi Acalov kimdir?

İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Brazilya Ciu-Citsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalovun AzerTimes-a müsahibəsi:

– Aqil Acalovu cəmiyyət nə qədər yaxşı tanıyır?

– Sadə, xalqını, vətənini, bayrağını sevən vətəndaşam. Soyköküm qarapapaq türklərindən gəlir. Ata tərəfdən Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti kimi bilinən, türk dünyasında ilk Qarapapaq Türk Cümhuriyyəti quran və dövlət başçısı olan Emin bəy Acalovun törəməsiyəm. Ana tərəfdən isə İsrafil bəy Acalov Borçalı bəylərindən olub. Ermənilər ona “intilligent cəllad” deyirdilər. Çünki xeyli erməni terrorçusunu məhv edib və 31 mart soyqırmının qisasını alan insan olub.

Atam keçmiş dövlət məmurudur, anam müəllimə olub. Ümumilikdə nəslimizdə elm xadimləri çoxdur.

– İdman, siyasət və iqtisadiyyat – bunlardan hansı Aqil Acalova daha çox yaxındır?

– İdman mənim həyatımın ayrılmaz hissəsidir. Bir zamanlar peşəkar idmanla məşğul olmuşam. Bu gün də peşəkar olmasa da, idman fəalliyyətimi davam etdirirəm və bacardığım qədər idmançılara dəstək olmağa çalışıram. Əvvəllər siyasətlə məşğul olmuşam. Azərbaycan-Gürcüstan Gənclər Təşkilatının, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri olmuşam. Düşünürəm ki, fəalliyyətimdə əsas uğurum 2013-cü ildə “Gələcəyə baxış” İctimai Hərəkatını təsis etmək və onun həmsədri olmaq olub. Ancaq o, sadəcə bir layihə idi.

İctimai sahə mənim ruhuma daha yaxındır. Vətənini sevən hər bir Azərbaycan gənci fəal olmalı və ölkədə baş verən hadisələrə biganə qalmamalıdır. Çalışdım ki, uzun illər formalaşan “idmançılar savadsızdırlar, onlar oxumur, ictimai, siyasi, sosial sahələrdə aktiv deyillər” kimi stereotipləri sındırım və göstərim ki, idmançılar da savadlı olurlar. Sadəcə yol açmaq lazımdır ki, onlar da aktivləşsinlər.

– Hazırda elə bir imkanınız olsaydı, idmanda nələri dəyişərdiniz, nə yeniliklər edərdiniz?

– Ümumiyyətlə, idmanın yaxşısı, pisi yoxdur. Əsas idmanla məşğul olmaqdır. Ona görə də idmanın bütün növlərini inkişaf etdirərdim. Mən Braziliya Ciu-citsu döyüş sənətinin inkişafı ilə bərabər qarışıq idman növlərinin inkişafı ilə də məşğulam. “Qarapapaq” idman klubunu yaratmışıq ki, idmançıları beynəlxalq turnirlərə göndərək, qalib olsunlar, bayrağımızı dalğalandırsınlar.

– Hansı dəyərlərimizin sıradan çıxması sizi məyus edir? Hazırda mentalitetimiz layiqincə qorunurmu?

– Bizi bu gün biz edən milli-mənəvi dəyərlərimizdir. Əgər dəyərlərimizi itirsək, toplum olaraq məhv olarıq. Buna görə də mən hər zaman milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının tərəfindəyəm. Hər bir xalqın özünəməxsus dəyərləri və ənənələri var. Biz elə bir coğrafiyanın insanlarıyıq ki, burda mədəniyyətlər qovuşur. Bəzən belə fikirlər səsləndirilir ki, mənəvi dəyərlərimiz ölüb, əxlaqi keyfiyyətlər azalıb. Razıyam, belə ki, televizyalarda insanların məhrəmi göz qarşısında nümayiş olunur, ailə-məişət problemləri gündəm olub. Amma bu o demək deyil ki, biz pisik. Çünki millətimiz qüdrətli millətdir. Düşmənlərimiz var və onlar çalışırlar ki, bizim toplumu məhv etsinlər. Amma sonuncu Qarabağ müharibəsi göstərdi ki, bizi məhv etmək mümkün deyil. Bizim milli-mənəvi dəyərlərimizi qoruyan oğullarımız, qızlarımız var.

Təəssüf ki, bəzi gənclərimiz inkişafı, müasir dünyaya inteqrasiyanı, davranış qaydalarını yanlış qavrayır. Müasirlik açıq-saçıq geyinmək deyil, insanın şüuru, təhsili müasir olmalıdır. İnsan hər şeyin ən gözəlini və kübar olanı örnək götürməli, ondan da gözəlini yaradıb, inkişaf etdirməlidir.

Mən dost, yoldaş xəyanətinə məruz qalmışam, ancaq heç vaxt heç kimə xəyanət etməmişəm. Tövsiyə edərdim ki, gənclər xəyanətkar olmasınlar, dürüst olsunlar, paylaşmağı bacarsınlar. İnsan uğur əldə etdikdə onu başqaları ilə paylaşmağı, başqa insanların uğuruna da sevinməyi bacarmalıdır. Uğur əldə etdikdən sonra özünü itirməməlidir, sadə olmalıdır. İnsan təmiz adla yaşamalı, vətənini, xalqını sevməlidir. Vətənini sevən insan əxlaqlı olur, dürüst və sadiq olur.

Teqlər: