“İntihar seçim deyil” mövzusunda silsilə təlimlər keçirilib (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və
Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 28 mart – 7 aprel
tarixlərində Bakı şəhəri və bölgələrdə gənclər arasında intihar və
intihara cəhd hadisələrinə dair “İntihar seçim deyil” mövzusunda
silsilə təlimlər keçirilib.

Tədbirlərin keçirilməsinin məqsədi gənclər arasında intihar və
intihara cəhd hallarının minimuma endirilməsi, bu cür hadisələrin
qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi və
daha geniş əhatə dairəsinin adıçəkilən məsələlərlə bağlı
məlumatlılığının artırılması olub.

Təlimlər Bakı şəhərinin 10 rayonunda (Binəqədi, Sabunçu, Xəzər,
Nəsimi, Qaradağ və Suraxanı rayon Gənclər evləri, eləcə də Bakı
Mühəndislik Universiteti (Abşeron rayonu), Bakı Ali Neft Məktəbi
(Xətai rayonu), Azərbaycan Dövlət İqtisad Universiteti (Nərimanov
rayonu) və Bakı Dövlət Universitetinin (Yasamal rayonu) inzibati
binaları), eləcə də 5 müxtəlif bölgədə (Sumqayıt Dövlət
Universiteti, Gəncə Gənclər evi, Quba və Qusar Heydər Əliyev
Mərkəzləri və Ziya Bünyadov adına 2 saylı orta məktəbin (Astara)
inzibati binası) yerləşən gənclər evlərində və ali təhsil
müəssisələrinin binalarında keçirilib. Təşkil edilmiş 15 təlimə
1000-ə yaxın gənc iştirakçı qismində qatılıb.

Silsilə tədbirlərdə müvafiq şəhər və rayonların hüquq-mühafizə
orqanlarının, o cümlədən rayon prokurorluqlarının nümayəndələri,
“LOQOS” Psixoloji və Nitq Mərkəzinin peşəkar psixoloqları, yerli
Gənclər və İdman idarələri və Təhsil şöbələrinin məsul əməkdaşları,
eləcə də Gənclər Fondunun nümayəndələri iştirak ediblər.

Təlimlərdə iştirak etmiş ekspert və psixoloqlar təmsil etdikləri
təşkilatların bu cür halların qarşısının alınması istiqamətində
gördükləri işlər barədə gənclərə geniş məlumat veriblər.
Psixoloqlar gənclər arasında intihar hallarının yaranmasının
səbəbləri, risk qrupunda olan şəxslərin müəyyən edilməsi, intihara
meylli davranışın əlamətləri və müvafiq mübarizə üsulları haqqında
maarifləndirici məlumatlar verib, gənclərin suallarını
cavablandırıb və təlim iştirakçıları ilə fikir mübadiləsi
aparıblar.

“İntihar seçim deyil” mövzusunda silsilə təlimlər intihar
hadisələrinin minimuma endirilməsi istiqamətində çalışan müvafiq
qurumlararası İşçi Qrupunun Fəaliyyət Planı çərçivəsində həyata
keçirilib.

Teqlər: