İntihar edən qızı tutmağa çalışan şəxsin xəsarətləri məlum oldu

Bakıda binadan özünü ataraq intihar edən abuturiyenti xilas
etməyə çalışan kişinin aldığı xəsarətlər məlum olub.

AzerTimes-ın məlumatına görə, intiharın qarşısını almağa cəhd edən
37 yaşlı Zahid Niyazov zərbədən ağır xəsarətlər alıb. Xəstəxanaya
daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol
bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun
qanaxması aşkarlanıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi
ilə o özəl klinikalardan birinin reanimasiya şöbəsinə
yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır
qiymətləndirilir.

Xatırladaq ki, mayın 3-ü saat 12 radələrində Bakı şəhər sakini,
17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli
yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan
eyvanından özünü atıb.

Hadisə zamanı qız eyvanın altında dayanan, bu zaman onu tutmağa
cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb.
Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya
yerləşdirilib.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb
imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

Teqlər: