İnternet və medianın bugünkü səviyyədə inkşaf etmədiyi bir vaxtda Heydər Əliyev diaspora fəaliyyətinin əsasını qoydu – Elxan Riçard Sadiq-Zadə

Azərbaycan diaspor quruculuğuna ümummilli lider Heydər Əliyev
ikinci dəfə hakimiyyətə gəldikdən sonra başlanıldı.

Bunu AzerTimes-a Almaniyada yaşayan azərbaycanlı alim Elxan Riçard
Sadiq-Zadə deyib.

O bildirib ki, o zaman həm Azərbaycanın maliyyə imkanları, həm
də diasporanın özünün imkanları məhdud olsa da, Heydər Əliyev
ABŞ-da da, Avropa ölkələrində də diaspora nümayəndələri ilə
görüşüb, onlara diaspora fəaliyyətinin vacibliyini bildirirdi.

“Diasporaya Azərbaycanın dövlət qayğısı o zamandan başlamışdı,
imkanların çox məhdud olduğu bir dövrdə, o cümlədən, internetin və
media resurslarının bugünkü səviyyədə inkşaf etmədiyi bir vaxtda
Heydər Əliyev diaspora fəaliyyətinin əsasını qoymuşdu və bu
fəaliyyətin nə qədər vacib olduğunu göstərmişdi.

Digər sahələrdə olduğu kimi, dünya azərbaycanlılarının
təşkilatlanması, diaspor quruculuğunda da ümummilli lider Heydər
Əliyevin böyük rolu oldu. İndi Azərbaycan diasporu xeyli inkişaf
edib, ancaq diasporanın əsası məhz o zaman, çətin dövrdə Heydər
Əliyev tərəfindən qoyulmuşdu. O zamandan da Azərbaycan diasporu
güclənir, inkişaf edir”, – deyə E.Sadiq-Zadə bildirib.

O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin diqqət və
qayğısı nəticəsidə Azərbaycan diasporu inkişaf edir və dövlətin
mənafeyinə uyğun fəaliyyət göstərir.

“Burada Diasporla İş üzrə Dövlət Komitəsi mühüm təşkilatçı rolu
oynayır, bu fəaliyyəti səfərbər edir. Azərbaycan yeganə
ölkələrdəndir ki, diaspor fəaliyyətinin inkişafına və
təşkilatlanmasına dövlət səviyyəsində dəstək göstərir. Dövlət
başçısı cənab İlham Əliyev bu məsələlərə çox diqqət və qayğı ilə
yanaşır”, – deyə E.Sadiq-Zadə əlavə edib.

Dünya Azərbaycanlılarının V Qurultayının əhəmiyyətinə toxunan
E.Sadiq-Zadə bildirib ki, bu, diaspor təşkilatları arasında
əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

“Bu qurultay, eyni zamanda, dövlətin diasporaya etibarının bir
təzahürüdür. Dünya Azərbaycanlılarının Qurultayı artıq ənənəvi hal
alıb. Məlumdur ki, Dünya Azərbaycanlılarının ilk Qurultayı “Dünya
Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli
Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.
Ondan sonra bu qurultaylar müntəzəm olaraq keçirilməkdə davam edir.
Artıq V qurultayın keçirilməsinə hazırlaşırıq. Bu qurultayın
əhəmiyyətini yüksək qiymətləndirirəm.

Bu qurultay dünya azərbaycanlılarını yüksək səviyyədə bir araya
toplayır. Hesab edirəm ki, bizim bir araya gəlməyimiz öz aramızda
olan əlaqələri daha da möhkəmləşdirir və şəbəkələşdirir, eləcə də
diaspor üzvlərinin fəaliyyətinin səfərbər olmasında çox böyük rolu
var. Bu, birmanalı şəkildə diaspora nümayndələrinə Azərbaycan
dövlətinin qayğısıdır”, – deyə o əlavə edib.

Teqlər: