Ssenari sənətinin ən xırda incəliklərini öyrənmək, məhşur kinematoqrafçılardan dəyərli tövsiyələr alıb, öz ssenarini peşəkarlar tyutorla formalaşdırmaq istəyirsənsə – bu mövsüm sənin üçündür!
INTERACT Online haqqında qısa xatırlatma:
INTERACT Online 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” Film Studiyası tərəfindən əsası qoyulub. Bu, INTERACT LAB tədris layihəsinin çərçivəsində həyata keçirilən onlayn tədris və təlim proqramıdır. INTERACT ONLINE elektron platforması gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn master-klasslar və vorkşoplar vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir.
Debüt” film studiyası 1987-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, rejissor Eldar Quliyev tərəfindən əsası qoyulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yerləşən “Debüt” film studiyası qısa və tammetrajlı debüt filmlərinin çəkilişi, həmçinin kinematoqrafçılar üçün təhsil proqramları və Azərbaycan istehsalı olan audiovizual məhsulların beynəlxalq bazarda təbliğini reallaşdırır.
Bu sezonda iştirakçıları hansı yeniliklər gözləyir?
Proqram 3 mərhələdən (May, İyul və Oktyabr ayları) ibarətdir.
Proqrama Oskar, Kann, Bafta və Emmi mükafatlı filmmeykerlərin keçirəcəyi master klasslarla yanaşı, peşəkar tyutor tərəfindən keçirilən ssenari üzrə vorkşop da əlavə olunub.
Vorkşopu keçirəcək tyutor Gülengül Altıntaş ssenarist, ssenari konsultantı və akademikdir. Hal-hazırda Münhen Lüdviq-Maksimillian Universitetində magistrlar üçün ssenari yazılması dərsini tədris edir. Kaliforniya Los Anceles Universitetində (UCLA) “Əyləncəvi media üçün kontentin yaradılması” sertifikasiya proqramında, Nyu York Tiş incəsənət məktəbi (New York Tisch School of the Arts) və Macarıstan Film Akademiyasının ssenari yazılması üzrə vorkşoplarında iştirak edib.
Vorkşop 3 mərhələdən ibarətdir. Seçilmiş iştirakçılar öz qısametrajlı film ideyası, mövcüd olan loqlayn və qısa sinopsislə qatılacaqlar. Hər mərhələdə ideyalarını inkişaf etdirərək, vorkşopun sonunda ssenarilərini formalaşdıracaqlar.
May ayında keçəcək ilk mərhələdə master klass keçəcək qonağımız Oskar, Kann və Bafta mükafatlı ssenarist Kristofer Hempton olacaq. Dünyanın ən önəmli dramaturqlarından biri olan Hemptonun filmoqrafiyasında “Ali and Nino”, “Dangerous Liaisons”, “Atonement”, “Father” və özünün həm də rejissoru olduğu “Carrington” kimi filmlər var. Onun “Father” filmi 2021-ci ilin Oskar mükafatına namizəddir.
İyul ayında ikinci mərhələnin qonağı Kann kinofestivalında “Ən yaxşı qısametrajlı film” nominasiyası üzrə “Qızıl palma budağı” mükafatını qazanan Sameh Alaa olacaq. Qahirədən Parisə, oradan isə Kanna gedən uğur yolu onu master klassımız üçün ideal rejissora çevirir.
Oktyabrda keçiriləcək son master klassın qonağı Oskar mükafatına namizəd olan və Emmi mükafatını qazanan Henri Hyuz olacaq. “Day One” və “Terp” filmləri ilə ən çox tanınan bir ssenarist və rejissordur. “Outpost” filmində isə prodüser və aktyor kimi çıxış edib. Henri Hyuz ssenari sənəti ilə bağlı öz təcrübəsini bölüşəcək.
Proqrama necə qatılmaq olar?
Master klasslara qatılmaq ödənişsiz və sərbəstdir. İştirakçı limiti yoxdur
- Qeydiyyat formasını doldurmaqla master klasslara qatıla bilərsiniz.
- Vorkşopa qatılmaq üçün loqlayn və sinopsisdən ibarət olan yazılı ideya tələb olunur. Nümunə şəklində yazdığınız hazır ssenarilər (və ya hekayə, pyes, şeir) də əlavə olunmalıdır.
- Vorkşopa qatılacaq iştirakçı limiti 10 nəfərdir.
Müraciətlər mayın 10-nə kimi qəbul olunur.
İlk mərhələ 13 may 2021 tarixində Kristofer Hemptonun master klassı ilə başlayacaq. Mayın 14, 15, 16 isə vorkşopun ilk mərhələsi keçiriləcək.
Ssenari bacarıqlarını təkmilləşdir, ideyadan ssenariyə aparan yolu bizimlə bir keç!
Qeydiyyat üçün keçid al:
https://debutfilms.az/interact
İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az