Martın 22-də Moskvadakı “Krokus Siti Holl” kompleksində terror aktı törədən cinayətkarlar “Reno Symbol” markalı avtomobillə qaçıblar. Onlar Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi ərazisində tapılıb. Federal Təhlükəsizlik Xidməti terror aktını törədən dörd nəfərin hamısının saxlanıldığını açıqlayıb.
AzerTimes xəbər verir ki, bunu “Krokus Siti Holl”un sahibi Araz Ağalarov deyib.
Onun sözlərinə görə, terrorçular insanları zalda diri-diri yandırmaq istəyib:
“Onların vəzifəsi fərqli idi – onlar sadəcə çoxlu sayda insanı öldürmək deyil, bu insanların zalda diri-diri yanmasını istəyirdilər. Çünki qətliamla paralel olaraq hər şey yanar maddələrlə, kerosinlə, benzinlə doldurulmuşdu”.
Araz Ağalarov qeyd edib ki, konsert zalı tamamilə yanıb:
“Buraya daxil olsanız, kiminsə oradan sağ çıxa biləcəyinə inanmayacaqsınız. Lakin bütün yanğından mühafizə sistemləri, yanğınsöndürmə işləri yaxşı vəziyyətdə olduğundan, zalı bir neçə saat elə vəziyyətdə saxlayıblar ki, heç bir çökmə baş verməyib, insanların oranı tərk etmək imkanı olub. Çünki başa düşürsən, 6 min adam 2-3 dəqiqəyə zalı tərk edə bilməz. Üstəlik, terrorçular demək olar ki, bütün çıxışlarda gedən insanları güllələyiblər”.
O əlavə edib ki, terrorçuların hücumu zamanı zalın təhlükəsizlik işçilərindən biri öldürülüb:
“İstənilən yerdə kamuflyajlı adamlar dörd “Kalaşnikov” avtomatı ilə maşından düşüb hamını atəşə tutmağa başlayırsa və ərazidə 600 patron tapılıbsa, o zaman bilmək lazımdır ki, bu, heç bir hərbi əməliyyat deyil. Əslində, təxribatçılar tərəfindən həyata keçirilən terror aktıdır. Bu halda yaxşı mühafizə xidməti nə edə bilər?”