Xəbər - Samir Əli – Trend:
Azərbaycan vətəndaşları icazə olmadan işğaldan azad olunmuş ərazilərə getməklə həyatlarını real təhlükəyə atırlar.
Bunu AzerTimes-a açıqlamasında keçmiş döyüşçü, jurnalist Rey Kərimoğlu deyib.
O bildirib ki, insanlar həmin ərazilərin təhlükəli olduğunu dərk etməlidirlər: “Mən anlaya bilmirəm ki, insan bilə-bilə özünü niyə təhlükəyə atır? Bir nəfərin gedib sağ-salamat qayıtması o demək deyil ki, həmin ərazidə mina yoxdur. Hətta elə hal ola bilər ki, avtomobil minalanmış ərazidən keçsin, amma mina partlamasın. Maşının təkəri minanın üstünə düşməz, yandan keçər. Elə yer ola bilər ki, 20 dəfə oradan keçərsən, minaya düşmərsən, amma 21-ci dəfə minanı tapdalayarsan. Mən 92-ci ildə minaya düşmüşəm, və mina partlayışının nə olduğunu bilirəm. İndi də hansısa meşədə gedəndə ayağımın altında ağac budağı qırılanda diksinirəm. İnsanlar bunu dərk eləməlidirlər. Daxili işlər orqanları əməkdaşları ərazidə postlar qurub, nəzarət edir, amma vətəndaşlar postlardan kənar ərazilərlə gizli yolla keçirlər. Əgər bir əraziyə giriş qadağan edilibsə, demək ora təhlükəlidir. Amma insanlar bunu dərk eləmirlər. Bu işdə polisi də günahlandırmaq olmaz. Ərazidə hər 10 metrdən bir polis dayanmalı deyil ki?”
Rey Kərimoğlu bildirir ki, minalar əsasən xüsusi hərəkət olan ərazilərdə basdırılır: “Minalar əsasən içməli su hövzələrində, qəbirstanlıqlarda, çox hərəkət olan cığırlarda, meyvə ağaclarının yaxınlığında, ərzaq anbarları ətrafında və sair yerlərdə basdırılır. Çünki bilirlər ki, bu ərazilərdə insanlar mütəmadi gedib gəlir. O gün Ağdamda idarə rəisi su xəttinə baxmağa gedərkən minaya düşdü. Ermənilər bilirlər ki, hansı əraziyə insan gedəcək, oranı minalayırlar.
Mən təklif edirəm ki, ziyalılarımızdan ibarət qruplar mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri aparsınlar. Necə ki, ötən il ölkəyə koronavirus gələndə tanınmış ziyalılar, sənət adamları sosial çarxlara çəkildi, “Evdə qal” çağırışları edildi, indi də mina təhlükəsi ilə bağlı sosial çarxlar hazırlansın və nümayiş olunsun”.