Xəbər - Çingiz Səfərli -Trend:
İnsanlar arxayınlaşmamalıdırlar. Pandemiya hələ bitməyib. Daha yoluxucu olan “Delta” ştammı ilə üzləşmişik.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bu ştamm dövriyyəyə daxil olursa, qısa zamanda dominant olur və digər ştammları sıxışdırır:
“Bu ştammın ən önəmli xüsusiyyəti ondan ibarətdir ki, qısa zamanda çox sürətlə yoluxma hallarının sayının artımına səbəb olur. Yoluxma rəqəmlərinə baxanda biz bunun şahidi oluruq. Əvvəllər Britaniya ştammının daha yoluxucu olduğu qeyd edilirdi, lakin onda belə yoluxma sayı bu qədər sürətlə artmırdı. Qonşu Gürcüstanda hazırda gün ərzində 5000-dən çox yoluxma var. Halbuki əhalisi bizdən təxminən 3 dəfə azdır. Bu, böyük rəqəmdir. Belə bir şəraitdə pandemiya ilə mübarizə qaydalarına, yəni maskadan istifadə etmək, kütləvi yerlərdə mümkün qədər məsafə gözləmək, gigiyena qaydalarına əməl etmək və s. riayət olunmalıdır. Burada hər şey insanın özündən asılıdır. İnsan pandemiya ilə mübarizə dövründə öz həyat tərzini qiymətləndirərək, gündəlik hərəkət etdiyi trayektoriyasını hesablamalı, yoluxma riski olan yerlərdə xüsusən diqqətli olmalıdır. İnfeksiyanın yayılmasına əsas səbəb də məhz təmasların sıxlığıdır. Rəqəmlərin haçansa daha çox olacağını gözləmək lazım deyil. Bu gündən qaydalara əməl etmək lazımdır. Digər tərəfdən də vaksinasiyasını gecikdirməməliyik”.
Twitter:@cingizsafarli