İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi İlahiyyat İnstitutunun qonağı olub (FOTO)

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) növbəti dəfə qonağı
olub.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, onu
növbəti dəfə ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu
bildirib.

Azərbaycan Respublikasının mədəniyyətlərarası, dinlərarası,
həmçinin millətlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət
verdiyini qeyd edən A.Şirinov sözügedən müəssisə ilə əməkdaşlıq
əlaqələrinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam
öz növbəsində, ölkəmizdə səfərdə olmasından, mədəniyyətlərarası
münasibətlərin inkişafı üçün yaradılmış əlverişli şərait ilə
tanışlıqdan razı qaldığını ifadə edib.

Azərbaycan İlahiyyat İnstitutu və İnsan Qardaşlığı Ali
Komitəsinin səlahiyyətli nümayəndələri arasında baş tutan görüş
mədəniyyətlərarası, dinlərarası əlaqələrin inkişafına töhfə vermək
istiqamətində müvafiq qaydada birgə əməkdaşlıq haqqında ilkin
razılıqların əldə edilməsi ilə yekunlaşıb.

Daha sonra İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd
Əbdülsalam Aİİ-nin kollektivi ilə görüşüb. Məhəmməd Əbdülsalam
təmsil etdiyi qurumun təsis edilməsi, onun səmərəli fəaliyyəti,
həyata keçirdiyi layihələr haqqında məlumat verib. O bildirib ki,
dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət, dinc yaşayış,
ümumbəşəri qardaşlıq ideyalarını, müştərək bəşəri dəyərləri təşviq
və təbliğ etmək məqsədi daşıyan İnsan Qardaşlığı Ali Komitəsi
qarşıya qoyulan hədəflərə nail olmaq üçün müxtəlif layihələrin
həyata keçirilməsinə səy göstərir.

Tədbir Aİİ müəllimləri ilə fikir mübadiləsi formatında davam
etdirilib.

Görüşün sonunda A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunu
ziyarət etdiyinə, ali təhsil müəssisəsi ilə əməkdaşlığına və onun
inkişafına dəstək verməyə hazır olduğunu bildirdiyinə görə, İnsan
Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalama təşəkkür
edib.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam,
öz növbəsində, səmimi münasibətə, qonaqpərvərliyə və faydalı fikir
mübadiləsinə görə səmimi təşəkkürünü bildirib.

Teqlər: