İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. İnstitut rəhbəri Aİİ-nin fəaliyyəti, ölkədaxili və xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəfləri barədə ətraflı bəhs edib.
Azərbaycan Respublikasının mədəniyyətlərarası, dinlərarası, həmçinin millətlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən A.Şirinov ermənilərin ölkəmizin işğaldan azad edilmiş ərazilərində yerləşən məscidlərdə, məzarlıqlarda və digər mədəniyyət ocaqlarında törətdikləri vəhşiliklərdən, erməni vandalizmindən danışıb. Ermənilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki məscidlərdən tövlə kimi istifadə etmələri faktını qonağın diqqətinə çatdıran A.Şirinov ölkəmizdə bütün dinlərə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam isə öz növbəsində, ölkəmizdə səfərdə olmasından, mədəniyyətlərarası münasibətlərin inkişafı üçün yaradılmış əlverişli şərait ilə tanışlıqdan məmnun olduğunu ifadə edib.
Məhəmməd Əbdülsalam İnsan Qardaşlığı Ali Komitəsinin təsis edilməsi, onun səmərəli fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. O bildirib ki, dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət, dinc yaşayış, ümumbəşəri qardaşlıq ideyalarını, müştərək bəşəri dəyərləri təşviq və təbliğ etmək məqsədi daşıyan İnsan Qardaşlığı Ali Komitəsi qarşıya qoyulan hədəfə nail olmaq üçün müxtəlif layihələrin həyata keçirilməsinə səy göstərir.
Azərbaycan İlahiyyat İnstitutu və İnsan Qardaşlığı Ali Komitəsinin səlahiyyətli nümayəndələri arasında baş tutan görüş mədəniyyətlərarası, dinlərarası əlaqələrin inkişafına töhfə vermək istiqamətində müvafiq qaydada birgə əməkdaşlıq haqqında ilkin razılıqların əldə edilməsi ilə yekunlaşıb.
Görüşün sonunda A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunu ziyarət etdiyinə, ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyinə və onun inkişafına dəstək verməyə hazır olduğunu bildirdiyinə görə, İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalama təşəkkür edib və rəmzi hədiyyələr verib.
İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdülsalam, öz növbəsində, səmimi münasibətə, qonaqpərvərliyə və faydalı fikir mübadiləsinə görə səmimi təşəkkürünü bildirib. İnsan Qardaşlığı Sənədinin bir nüsxəsini və bu mövzuya həsr etdiyi kitabı rektora təqdim edib.