Xəbər - Trend6
Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupunun iclası keçirilib.
AzerTimes-ın məlumatına görə, İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son 17 ildə milli iqtisadiyyatın 3 dəfədən çox artması şəraitində vətəndaş rifahının təminatına xidmət edən mühüm irəliləyişlərə nail olunub. Xüsusilə sosial ödənişlərin ardıcıl şəkildə dəfələrlə artırılmasına, yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə nail olunub.
Nazir ötən dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsinin ildən-ilə genişləndiyini vurğulayıb. Sosial infrastrukturun müasirləşdirilməsi işlərini qeyd edib.
Bildirilib ki, 2021‒2030-cu illər üçün müəyyən olunmuş Milli Prioritetlərdən biri kimi, bütün bu sosial nailiyyətlər davam və inkişaf etdiriləcək. Bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunması, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, inklüzivliyin təmin olunması növbəti onilliyin də əsas prioritetləri sırasında olacaq.
İclasda Strategiyanın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.