İnkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkə səfirlərinin etimadnaməsini qəbul etdiyi tədbirdə çıxışı zamanı bir sıra aktual mövzulara toxundu və öz mükəmməl nitqi üzərindən bütün dünyaya növbəti mesajlarını verdi. Dövlət başçısı dəqiq təhlillərə əsaslanaraq qeyd etdi ki, 2-ci Qarabağ savaşındakı qələbədən sonra Azərbaycanın yeni inkişaf mərhələsi başlayıb və həmin mərhələdə ölkəmiz daha böyük uğurlara imza atacaq.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, bizim bu günə qədər ən böyük problemimiz torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması idi: “İndi isə Azərbaycanın suverenliyi tam bərpa olub, doğma Qarabağımız müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman əsgərlərimizin sayəsində işğaldan azad olub. Demək ki, artıq qarşımızda maneə yoxdur, iqtisadi resurslarımız, gücümüz bundan sonra daha da artacaq, mövqeyimiz daha da güclənəcək.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi dövlətimiz üçün həm də yeni stimul, mənəvi rahatlıq anlamını daşıyır. Bu stimul, rahatlıq isə işıqlı gələcəyin növbəti müjdəçisidir. Artıq işğaldan azad olunan torpaqlarda yenidənqurma, bərpa işləri gedir. Dövlətimiz bütün gücünü səfərbər edib ki, həmin torpaqlar yenidən dirçəlsin, insanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtsın. Üstəlik, bu planlı işlər olduqca sürətlə gedir. Həm də inanılmaz sürətlə. Ağıllı şəhər və kənd ideyası ilk gündən öz realizəsinə başlayıb, infrastrukrurun qurulması prosesi günbəgün irəliləyir, regiona böyük dövlət sərmayəsi cəlb edilib, yollar çəkilir, elektrik stansiyaları tikilir. Bir azdan Qarabağ çox dəyişəcək, çox gözəlləşəcək. Çünki artıq azaddır, çünki artıq rahat nəfəs alır, çünki artıq onun qeydinə qalan, onun qayğısını çəkən var”.

E.Musayev əlavə edib ki, inkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir: “Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həmin inkişaf daim hiss edilib, Azərbaycan yalnız irəli gedib, uğurlara imza atıb, zəfər qazanıb. Heç şübhəsiz ki, məlum siyasət bundan sonra da ölkəmizi daha böyük inkişafa doğru aparacaq”.

Teqlər: