“İngilisdilli mətbuatda Azərbaycan obrazı” təqdim edildi

“İngilisdilli mətbuatda Azərbaycan obrazı” təqdim edildi

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanşünaslıq” Elmi Mərkəzi, Beynəlxalq Jurnalistika Şöbəsinin birgə təşkilatçılığı ilə universitetin nəşri olan, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı və müzakirəsi keçirilib.

AzerTimes xəbər verir ki, təqdimat mərasimində çıxış edən universitetin rektoru akademik Kamal Abdulla kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü çatdırıb, kitab haqqında məlumat verib.

Kitabın əhəmiyyətindən danışan rektor gənc tədqiqatçıların elmi işində onlar üçün böyük töhfə verəcəyini də söyləyib:

“Çox mürəkkəb dövrü əhatə edən bu kitab dünya ölkələrində, əsasən, xarici ölkələrdə Azərbaycana qarşı münasibəti ortaya qoydu. Bu münasibət müxtəlif yazılarda özünü göstərirdi. Həmin dövr Ulu öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövrünə təsadüf edir.

Kitabda 1993-2003-cü illərdə Azərbycan və onun ətrafında baş verən hadisələrin Amerika, Avstraliya, Kanada və digər ölkələrin ingilisdilli mətbuatında Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Kitab həmçinin hər bir istiqamətdə elmi iş yazan gənc alimlər və tələbələr üçün faydalı olacaq”.

Universitetin prorektorları – Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova yeni nəşrin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, kitab müvafiq sahədə faydalı əhəmiyyətə malikdir.

Təqdimatda kitabın elmi redaktoru, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, kitabın rəyçisi, “Azərbaycanşünaslıq” EM-in baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aynurə Hüseynova çıxış ediblər.

Təqdimat tələbələrin sualları ilə davam edib.

Qeyd edək ki, layihənin ideya rəhbəri Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulladır. Layihənin icraçı-koordinatorları ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin elmi işçisi Suğra Ələkbərlidir.

Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Bəylərova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır.

Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.

Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur.

Teqlər: