“İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı tədbir keçirilib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatı tərəfindən Sabirabad Rayon Heydər Əliyev
Mərkəzində informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı
hüquqi maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Sabirabad
Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, təhsil şöbəsinin
və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri
iştirak ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi
şöbəsinin müdiri Lamiyə Zeynalova və şöbənin əməkdaşları çıxışları
zamanı Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin
yerinə yetirilməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri
barədə məlumat veriblər. İnformasiya əldə etmək hüququnun təmini və
təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin
baxılması və cavablandırılması, monitorinq və təhlillərin həyata
keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının nəzərinə
çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun
tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında da
məlumatlandırılıb.

Daha sonra informasiya əldə etmək hüququ haqqında təqdimat
keçirilib, informasiya əldə etmək azadlığı, informasiya
sahiblərinin vəzifələri və sorğuçuların hüquqları, qanunda
göstərilmiş digər maddələr haqqında ətraflı məlumat verilib.

Tədbirin davamında mövzuya dair qarşılıqlı geniş fikir
mübadiləsi aparılıb və tövsiyələr verilib.

Yekunda tədbir iştirakçılarına “İnformasiya əldə etmək
hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək”
adlı maarifləndirici bukletlər təqdim edilib.

Teqlər: