Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi üzrə növbəti hüquqi maarifləndirmə tədbiri Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilib.
Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, rayon polis idarəsinin, prokurorluq orqanının, rayon təhsil, mədəniyyət, səhiyyə şöbəsinin və informasiya sahibi olan digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Maarifləndirmə tədbirində Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova, Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Mahir Əliyev, həmçinin Aparatın digər əməkdaşları çıxış ediblər.
Təbdirdə iştirak edən informasiya sahibləri informasiya əldə etmək hüququnun təmini, informasiya sahiblərinin bu istiqamətdə vəzifələri, sorğuların icrası, müvəkkilin bu qanunun icrasına nəzarəti istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırılıblar. Eyni zamanda, informasiya əldə etmək hüququnun təmin olunması üzrə mövcud beynəlxalq və milli qanunvericilik aktları barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.