İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Təşkilatının təşkilatçılığı və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏT Gənclər Forumu ARM) dəstəyi ilə Cakarta şəhərində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş seminar keçirilib.
Həm auditoriya, həm də onlayn formatında keçirilən seminarın açılış mərasimində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, İƏT Gənclər Forumu ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita, İƏT Gənclər Forumunun vitse-prezidenti və İndoneziya Gənclər Forumunun sədri Tantan Taufiq Lubis, İndoneziya Milli Kitabxanasının sədri Muhəmməd Syarif Bando, İndoneziyanın vitse-qubernatoru Əhməd Riza Patria, İndoneziya Gənclər və İdman Nazirliyinin əməkdaşı Asrorun Niam Şölə iştirakçıları salamlayaraq tədbirin uğurla həyata keçməsini arzulayıblar. Çıxışlarda bu tipli tədbirlərin İndoneziya və Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etməsində oynadığı rolu xüsusi vurğulanıb.
Plenar müzakirələrdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin dekan müavini Şahin Yusifli, 2016-2020-ci illərdə İndoneziyanın Azərbaycanda səfiri olmuş, hal-hazırda Fanani Mərkəzinin sədri Hüsnan Bəy Fanani, İndoneziya Universitetinin Ərəb Ədəbiyyatı kafedrasının müdiri Bastian Zulyeno və İslam Sənədləşmə Mərkəzinin sədri Hadi Nur Ramadan çıxış edərək Nizami Gəncəvinin əsərlərinin əhəmiyyətindən, onun yaradıcılığının humanist ideyalarının yayılmasındakı rolundan bəhs ediblər.
Tədbirdə yüzə yaxın tələbə, alim və ekspert, eləcə də İndoneziyanın aparıcı ictimai qurumlarının nümayəndələri iştirak edib.
Qeyd etmək lazımdır ki, bu, Nizami Gəncəvini 880 illik yubileyinə həsr edilmiş İƏT Gənclər Forumu ARM-nin həyata keçirdiyi 4-cü beynəlxalq tədbirdir.