İndoneziya portalları “Şuşa İli”ndən bəhs edən məqalələr yayıblar (FOTO)

2022-ci ilin Azərbaycanda “Şuşa İli” kimi qeyd olunması
çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin müşaviri
Gültəkin Həbiblinin bu ölkənin ANTARA Milli Xəbər Agentliyi,
həmçinin “Miraj” Xəbər Agentliyi və digər saytlarında “İlin,
Zəfərin mübarək, Şuşa!” sərlövhəli məqaləsi yayımlanıb.

Trend xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz
Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!” kimi tarixi sitatları ilə başlanan məqalədə
2020-ci il noyabrın 8-də Azərbaycan xalqına müraciətində Azərbaycan
Prezidentinin səsləndirdiyi bu sözlərin uzun illər ərzində Şuşa
həsrəti çəkən xalqımızın, dünyada yaşayan soydaşlarımızın yarasına
məlhəm olduğu bildirilir. Yazıda Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Ordumuzun Şuşanı azad etdiyi qeyd edilərək,
Allahdan şəhidlərimizə rəhmət dilənir, qazilərimizə şəfa
arzulanır.

Müəllif 28 ildən çox erməni işğalı altında qalan Şuşanın qədim
tarixi köklərə əsaslanan mədəni irsinə böyük zərbə vurulduğunu,
xalqımıza aid tarixi abidələrin, məscidlərin, müəssisələrin,
kitabxana və muzeylərin dağıdıldığını, talan edildiyini vurğulayıb.
Şuşanın Azərbaycana qaytarılmasından sonra qısa müddət ərzində
dirçəldilməsi istiqamətində görülən bərpa-quruculuq işləri haqqında
məlumat verilib. Şuşanın işğaldan azad olunmasından sonra tez bir
zamanda Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım
Mehriban Əliyevanın və qızı Leyla Əliyevanın Şuşaya getməsinin hər
bir azərbaycanlıya dövlətimizin öz tarixinə, mədəniyyətinə,
torpaqlarına sahib çıxmağın qürurunu yaşatdığı vurğulanıb.
Azərbaycan Prezidenti tərəfindən Şuşanın “Azərbaycanın mədəniyyət
paytaxtı” elan edilməsi ilə bu şəhərin bərpası və tarixi simasının
özünə qaytarılması, qısa müddət ərzində Şuşanın mədəni və siyasi
tədbirlərin keçirildiyi ünvana çevrildiyi bildirilib. Şuşada
keçirilən “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya
Günlərinin dünyaya səs saldığı qeyd olunub. Şuşanın Azərbaycanda
akkreditə olunan xarici diplomatların, buraya səfərləri təşkil
olunan əcnəbi jurnalistlərin gözü ilə dünyaya bir daha tanıdıldığı,
habelə orada Azərbaycanın BMT-yə üzv qəbul olmasının 30 illiyinə
dair tədbirin keçirilməsinin bu şəhərin dünyanın siyasi arenasına
çevriləcəyindən xəbər verdiyi vurğulanıb.

Bu il aprelin 22-də Şuşada Dünya Azərbaycanlılarının V
Qurultayının baş tutduğu, onilliklər boyu Şuşa həsrəti ilə yaşayan
azərbaycanlıların mənəvi rahatlığın, həmrəyliyin, Şuşaya qovuşmağın
sevincini birgə yaşadıqları və toplantının Zəfər Qurultayı olaraq
tariximizin səhifələrində əbədi yerini tutduğu qeyd edilib.

Məqalədə müəllif bu ilin Azərbaycan Prezidenti İlham Əliyevin
Sərəncamı ilə “Şuşa İli” elan edildiyi də vurğulayıb. Azərbaycanın
İndoneziyadakı səfirliyinin təşəbbüsü əsasında “Şuşa İli” ilə bağlı
silsilə tədbirlərin həyata keçirildiyi qeyd olunub. Habelə
Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyi olan
Şuşa şəhərinin, eyni zamanda, 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edildiyi, bu barədə qərarın TÜRKSOY-a üzv
ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də
keçirilən növbədənkənar iclasında qəbul olunduğu diqqətə
çatdırılıb.

Teqlər: