İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı faciəsi ilə bağlı bəyanat yayıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

İndoneziya Respublikasının Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Məhəmməd İqbal Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bu qrupun adından bəyanat yayıb.

AzerTimes-ın məlumatına görə, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinin soyqırımına məruz qaldığı, bu qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 nəfərin qətlə yetirildiyi, yüzlərlə insanın ağır yaralandığı və 1275 nəfərin əsir götürüldüyü qeyd olunub.

Sənəddə qrup üzvləri Xocalı qətliamının insanlıq tarixinə böyük ləkə kimi düşdüyünü, bu soyqırımının təşkilinə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq səviyyədə cəzalandırılmalı olduğunu vurğulayıblar. Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi olan, 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilən Xocalı qətliamı qurbanlarının xatirəsinin qrup üzvləri tərəfindən dərin kədər və təəssüf hissi ilə yad edildiyi, bu qətliam nəticəsində həlak olanlara Allahdan rəhmət dilədikləri, onların ailə üzvlərinə və bütün Azərbaycan xalqına başsağlığı verildiyi qeyd olunub.

Qrup üzvləri bir daha dünyanın heç bir yerində bəşəriyyət əleyhinə bu cür cinayətin törədilməməsi üçün Xocalıda həyatını itirən insanların yad olunduğunu, burada törədilən dəhşətli cinayətlərin yadda saxlanılmasını vacib hesab etdiklərini bildiriblər. Həmçinin Xocalı qurbanlarının hər kəsə sülhün dəyərini xatırlatdığını qeyd ediblər.

Bəyanatda, eyni zamanda, Xocalı qətliamının 29-cu ildönümü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət kimi qiymətləndirilib. Ermənistana BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirərək, Azərbaycan ərazisində hələ də qalan hərbi dəstələri buradan çıxarmağa və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtması üçün şərait yaratmasına çağırış edilib.

Teqlər: