Xəbər - Çingiz Səfərli – Trend:
Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib.
Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Əlillik təyin olunan şəxslərə bundan sonra proaktiv qaydada olmaqla e-sistem üzərindən müvafiq sosial ödənişlərin də təyin edildiyini vurğulayan Agentlik sədri bu sosial ödənişlərin mütəmadi artırıldığını, xüsusilə son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verdiyini qeyd edib.
A.Bayramov bildirib ki, şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq, bu il Nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır.