Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida
məhsulları istehsalının təmin olunması məqsədilə zəruri
məlumatların elektron məlumat bazasında toplanması davam etdirilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların
identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonunu əhatə edib. 2021-ci il 15 dekabr – 2022-ci il 30
mart tarixlərində sözügedən ərazilərin ailə-kəndli və fermer
təsərrüfatlarında 37116 sayda iribuynuzlu heyvan
identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında
məlumatlar elektron sistemə daxil edilib. Fərdi qeydiyyata
alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 13730-u Bakı
şəhəri, 20176-sı Abşeron rayonu, 3210-u isə Sumqayıt şəhərinin
payına düşür.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) məlumat verilib.
Qeyd edək ki, toplanan məlumatlar Heyvanların İdentifikasiyası
və Qeydiyyatı Sistemində (HİQS) yer alır. Ölkədə yeni yaradılmaqda
olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və
müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı
və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər
individual göstəriciləri barədə məlumatların unikal identifikasiya
kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını
təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan
preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi,
alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət
edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların
sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə
olunması daxildir.
“Fermadan süfrəyədək” prinsipinə əsaslanan sistem heyvan mənşəli
qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan
sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının
qarşısının alınmasına öz töhfəsini verəcəkdir.