İnanclı insanlar təhqir edildi, dəyərlər tapdandı – Foto

İnanclı insanlar təhqir edildi, dəyərlər tapdandı – Foto

Olimpiadanın açılışında “qlobalistlər” nə mesajlar istəsələr, onu da verdilər. Olimpiada kimi dərin fəlsəfi və tarixi mənası olan, dostluq, qardaşlıq, ədalət prinsiplərini aşılayan hərəkatı ayaqlar altına atıb tapdaladılar, “liboş” və içiboş gündəliklərini təbliğ etməyə çalışdılar.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Paris Olimpiya Oyunlarının açılış mərasimi haqda qeyd edib.

O bildirib ki, mərasimdə inanclı insanları təhqir etməkdən belə çəkinmədilər, Leonardo da Vinçinin ölməz əsəri olan “Sonuncu şam yeməyi” tablosunu iyrənc hala saldılar:

“Bu cərəyan insanlıq üçün təhlükədir, faşist kafalıdırlar, başqa insanların dəyərlərinə hörmət etmirlər, ancaq öz gündəliklərini zorla yeritməklə məşğuldular, buna qarşı çıxanları isə nasist Göbbels yanaşması ilə qaralayırlar, aşağılayırlar, onları geridəqalmış kimi təqdim edirlər.

Dünyanın “mainstream” mediası tam nəzarətlərindədir, ona görə də dünya və insan haqqında xəstə təfəkkürlərini sonuncu həqiqət kimi sırımağa çalışırlar. Ailə, din, iman, inam, insan azadlığı, fikir müxtəlifliyi, əsl liberalizm bunların düşmənidir – faşizmlə kommunizmin maraqlı olduğu qədər də təhlükəli sintezini yaradıblar və bunu müasirlik kimi insanlara sırımaqla məşğuldurlar.

Biz, əsl liberallar hər kəsin istədiyi kimi yaşamaq hüququ olduğuna inanırıq; biz, əsl liberallar fərdlərin özünüifadə azadlığının olduğunu müdafiə edirik; biz, əsl liberallar fikir və ifadə azadlığının müqəddəsliyinə inanırıq – amma biz, əsl liberallar kimlərinsə düşüncə, davranış və hayat tərzini başqalarına diktə etməsinə, belə yanaşmanı təndiq edənlərin qaralanmasına qarşıyıq. Amma bu “liboş” tayfası istəyir ki, hamı onlar kimi olsun, hamı onlar kimi düşünsün, hamı eyni rəng, eyni dəyər daşıyıcısı olsun – nasistlər də, kommunistlər də eyni şeyi istəyirdilər, bolşeviklərin “sovet insanı” ideyası ilə bunların yanaşması arasında heç bir fərq yoxdur. Bolşeviklər də əvvəl təbliğatla, təşviqatla başladılar, əllərinə güc düşən kimi “QULAQ düşərgələri” yaratdılar, eynən nasistlər də “ali irq” konsepsiyası ilə “konslagerlər” yaradaraq başqa cür olanları məhv etdilər.

Allah göstərməsin, bu “liboşların” əlinə daha böyük güc keçsə, necə ki, kovid vaxtı dünyanı az qala “konslagerə” çevirməyə çalışdılar, bax elə də davranmağa başlayacaqlar.

Amma mən insan övladının azad düşüncəsinə inanıram, əminəm ki, dünyada bu içiboş və təhlükəli cərəyan, trend qalib gəlib hegemon ola, başqa cür düşünənləri “konslagerlərə” doldura bilməyəcək. İnsanlıq azadlıq, düşüncə özgürlüyü üçün böyük qurbanlar verib, bu əsl dəyərləri bir ovuc xəstə təfəkkürlü, amma təəssüf ki, güclü maliyə-media dəstəyi olan adamlara qurban verməyəcəklər”.

Teqlər: