Qurban bayramı xalqımızın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Hazırda isə Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edən ölkə başçısı ən xoş arzularını bildrmişdir.
Hər il olduğu kimi bu il də Müqəddəs Qurban Bayramı Gəncə Dövlət Universitetində yüksək səviyyədə qeyd edilmişdir. Universitetin rektoru, professor Yusif Yusibov, eləcə də universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova Müqəddəs Qurban Bayramı münasibətilə kollektivi təbrik etmiş, onlara işlərində və həyatlarında uğurlar arzulamışlar.
Sonra universitetdə çalışan 200 nəfər imkansız ailəyə qurban payı paylanmışdır.