İmişlidə karxanalarının fəaliyyətinin monitorinqi aparılıb (FOTO)

Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının hasilatı,
gələcəkdə su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji
tarazlığın pozulmasına səbəb ola bilər.

Trend xəbər
verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən
Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə çay məcralarında
yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin monitorinqi bu
dəfə İmişli rayonunda həyata keçirilib.

İmişli rayonunda yerləşən Bəhrəmtəpə1, Bəhrəmtəpə2 və İmişli
qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamaların
nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına
riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının
dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı
suların səviyyəsi aşağı düşmüş, minerallaşma dərəcəsi isə
dəyişmişdir.

Agentliyin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı
mütəxəssisi geoloq Sadiq Əmiraslanov qeyd edib ki, karxanaların
fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və
sol kənarlarında “oyuq”lar əmələ gəlmiş, çayın müasir məcrasından
kənarda isə göllər və axmazlar yaranmışdır.

Açıq səthə malik olan yeraltı sulardan buxarlanma baş verdiyinə
görə həmin sular yüksək minerallaşma dərəcəsinə malikdir.
Bəhrəmtəpə-2 qum-çınqıl yatağının, 50 % ərazisində karxana
fəaliyyəti nəticəsində dərinliyi 22 m-ə qədər olan göllər əmələ
gəlmişdir. Həmçinin göllərdə su səviyyəsinin aşağı düşməsi ilə
qum-çınqıl yatağının ətrafındakı ərazilərdə qrunt sularının
səviyyəsinin aşağı düşməsi və kimyəvi tərkibində neqativ dəyişiklik
baş vermişdir.

Sadiq Əmiraslanov onu da vurğuladı ki, Araz çayının müasir və
qədim məcrası ərazilərində karxana fəaliyyəti zamanı əmələ gəlmiş
çuxurlar, gölməçə və göllərin uyğun litoloji tərkibə malik
materiallarla rekultivasiya olunması məqsədəuyğun hesab edilir.
Çayın müasir məcrasından kənarda, bərpası mümkün olmayan faydalı
qazıntı materiallarının çıxarılması, gələcəkdə bu zona üçün su
ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə
ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Agentliyin monitorinq şöbəsinin müdiri Zaur Səidi öz növbəsində
fəaliyyəti istismar qaydalarına uyğun olmayan karxanalar barəsində
görülən tədbirlər haqqında danışdı. Belə ki, sözügedən bu ərazidə
hələ 2020-ci ildə işində nöqsanlar aşkar olunan karxanaların
fəaliyyəti dayandırılmışdır. 2021-ci ildə isə istismara icazə
şərtlərini pozan karxanaların dağ-mədən aktları ləğv olunmuş və
hasilat işləri qadağan edilmişdir. Yataqayırma hüdudundan kənarda
aparılan hasilat işləri ilə bağlı iddialar qaldırılmışdır.

Qeyd edək ki, Agentlik hasilat zamanı yol verilmiş nöqsanları
müəyyən edir və “Azərbaycan Respublikasında faydalı qazıntı
yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə
normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli
Qərarına uyğun olaraq hesablama aparır. Ziyanın ödənilməsi məhkəmə
qaydasında həyata keçirilir.

Teqlər: