İlon Mask “Twitter” şirkətini almaq üçün 15 milyard dollaradək vəsait xərcləmək niyyətindədir

Amerika sahibkarı İlon Mask bəyan edib ki, “Twitter” şirkətini
almaq üçün 10 milyard dollardan çox şəxsi vəsaitini qoymağa
hazırdır.

Trend “TASS”a istinadla xəbər verir ki, Mask “Twitter”i özəl
şirkətə çevirmək üçün öz vəsaitindən 10-15 milyard dollar
məbləğində sərmayə qoymağa hazırdır. Ondan sonra şirkəti özəl və ya
birjadan kənar qaydada satmaq və ya dəyişmək olar. Bu, sahibkar
tərəfindən aprelin əvvəlində əldə edilmiş şirkət səhmlərinin 9,2
faizinin dəyərindən asılıdır. Hazırda onların qiyməti təqribən 3,4
milyard dollardır. Mənbələrin məlumatına görə, zərurət yaranarsa,
Mask öz payı müqabilində kredit götürə bilər ki, bu da öz
növbəsində bir neçə milyard dollar cəlb edə bilər.

“New York Post”un yazdığına görə, Mask, yəqin, pul toplanmasında
maneə ilə qarşılaşır. Mənbələr bildirir ki, “Twitter”in qiymətli
kağızlarının dəyərinin hər səhm üçün 54,2 dollar olub-olmaması ilə
bağlı şübhələrlə yanaşı, bəzi investorlar sahibkarın gözlənilməz
davranışından da ehtiyat edirlər. Həmçinin məlum olub ki, Mask
təqribən 10 gündən sonra “Twitter” üçün tender təklifi elan etməyi
planlaşdırır.

Aprelin 14-də “Reuters” agentliyi belə bir məlumat yaymışdı ki,
bu yaxınlarda “Twitter”in ən böyük səhmdarı olan Mask şirkəti almaq
üçün 41,39 milyard dollar (hər səhm üçün 54,2 dollar) təklif edib.
“Twitter”in direktorlar şurası şirkətin və onun səhmdarlarının
maraqlarına ən yaxşı cavab verə biləcək fəaliyyət qaydasını
müəyyənləşdirmək məqsədilə Maskın təklifini diqqətlə araşdırmaq
niyyətindədir.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumatına görə,
Mask “Twitter”in səhmlərinin 9,2 faizinin sahibidir. Lakin o,
aprelin 11-də şirkətin direktorlar şurasına daxil olmamaq qərarına
gəlib.

“Bloomberg” agentliyinin məlumatına görə, Maskın sərvəti hazırda
266 milyard dollar qiymətləndirilir.