Amerika Birləşmiş Ştatları və Xəzər Regionu arasında Enerji, Dayanıqlılıq və Sahibkarlıq məsələlərinin müzakirə olunduğu 5-ci İllik Transxəzər Forumunun 2-ci günü başa çatıb. ABŞ-dan və Xəzəryanı ölkələrdən olan iştirakçılar postpandemiya dövründə Xəzər regionunun bərpa olunan enerji ehtiyatlarını, karbohidrogenlərin gələcəyini, kiçik biznesin inkişafını stimullaşdıracaq mexanizmləri və iqtisadi inkişafı müzakirə ediblər.
AzerTimes xəbər verir ki, builki forum Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Özbəkistan ölkələrinin səfirliklərinin birgə təşkilatçılığı, ABŞ Dövlət Departamenti və ABŞ Dövlət Təhlükəsizlik Şurasının iştirakı ilə Amerika Birləşmiş Ştatlarının Ticarət Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi əsasında keçirilir.
Forumu giriş nitqiylə açan Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti: «Xəzər regionunun insan və əmtəələri qitələr boyunca bir araya gətirmək yönündə mühüm əhəmiyyət kəsb edir. Transxəzər dəhlizi Avropa və Asiya arasında bir körpü rolunu oynayaraq, ticarət, infrastruktur və enerji kimi məsələlərdə bir mərkəz kimi də xidmət göstərir.» – qeyd edib.
ABŞ Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini vəzifəsini icra edən Kurt Donelli, Xəzər regionunda karbohidrogen ehtiyatlarından istifadə ilə paralel, istifadə edilməmiş bərpa oluna bilən enerji resurslarının mümkün istismarına dair “Transxəzər Forumu: Enerji Təchizatı, Təhlükəsizlik və Dayanıqlılıq üçün Transxəzər Qlobal Mərkəz kimi” adlı paneldə öz əhəmiyyətli şərhləri ilə yadda qalıb.
O qeyd edib ki, son onilliklər boyunca türkmən qazınının Avropa bazarlarına çıxarılması üçün cəhdlər edilib: “Avropada enerji sistemlərində fundamental dəyişikliklər baş verir. İndi təbii qaza tələbatın perspektivləri qeyri-müəyyəndir. Sual yaranır: Avropaya yeni təbii qaz mənbələri lazımdırmı? Uzun müddət Türkmənistan Avropa üçün perspektiv qaz mənbəyi hesab olunurdu. İndi isə Türkmənistanın bu imkanı əldən buraxmaq riski mövcuddur. 20 il əvvəl qiymətli hesab olunan bu resurs növbəti onillikdə dəyərini itirə bilər”.
Panel iştirakçıları olan Azərbaycan Respublikasının Energetika nazirinin müavini Elnur Soltanov, Qazaxıstan Ekologiya, Geologiya və Təbii sərvətlər nazirinin müavini Aliya Şalabekova, Türkiyənin Enerji və Təbii sərvətlər Nazirliyinin Baş direktoru Öztürk Selvitop, SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Gürcüstan Enerji İnkişaf Fondunun icraçı direktoru Giorgi Çikovani, BP-nin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Robert Scher, «Equinor» şirkətinin vitse-prezidenti, Azərbaycan və Qazaxıstandakı Nümayəndəliyinin rəhbəri Favad Quraişi və Özbəkistan İnkişaf Strateji Mərkəzinin icraçı direktoru Eldor Tulyakov Cənub Qaz Dəhlizi kimi regionun iqtisadiyyat və geosiyasətində rol oynayan ticari cəhətdən uğurlu enerji layihələrini və Xəzərin enerji portfelini karbohidrogenlərdən əlavə də şaxələndirmək gücünə malik gələcək planlar haqqında müzakirə aparıblar.
“Biz Xəzəri bərpa oluna bilən enerji mənbəyi kimi yenidən kəşf edirik. İlkin qiymətləndirmələrimiz onu göstərir ki, açıq dənizdə külək enerjisi istehsalı üçün Xəzər böyük bir potensial nümayiş etdirir.” – deyə cənab Soltanov qeyd edib.
“Biz Azərbaycanda bütün əlaqəli ölkələr arasında regional əməkdaşlığın zəruriliyinə inanırıq. Biz nəinki regional, eyni zamanda ondan kənarda mövcud olan problemləri hamımız birlikdə uğurlu şəkildə işləyərək, həll edə bilərik.”–deyə cənab Vitali Bəylərbəyov forum iştirakçılarına müraciət edib.
“Biz ‘transformasiya edərkən yerinə yetirməliyik’ – biz bilirik ki, qaz və ənənəvi karbohidrogenlərdən istifadə edərək, fəaliyyətimizi davam etdirməliyik, eyni zamanda planetimizin bunu tələb etdiyini bilərək, enerji təmin etmək üçün daha aydın bir yanaşmaya keçməliyik. Mən hesab edirəm ki, bu region və bizim Azərbaycandakı fəaliyyətimiz bunun ən mükəmməl göstəricisidir.”–deyə cənab Scher öz nitqinə əlavə edib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi, İnkişaf, Demokratiya və İnnovasiya Bürosunun müdir köməkçisinin müavini, Harry Bader “İnnovasiya və Sahibkarlıq Ekosistemlərinin İnkişaf etdirilməsi” panelində tarixən imkansız olan kiçik sahibkarlığın inkişafını və iqtisadi iştirakına təşviq edən mexanizmlərə diqqətləri yönəldib.
Xəzər Siyasət Mərkəzinin ali üzvü və ABŞ-ın Tacikistandakı keçmiş səfiri Susan Elliott-un moderatorluğu ilə həyata keçirilən panel Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbəri Avtandil Kasradze, Qazaxıstan Respublikasının Prezidenti yanında Ailə, Qadın və Demoqrafik Siyasət üzrə Milli Komissiyanın sədri Lazzat Ramazanova, Tacikistan üzrə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Gender Məsləhətçisi Malika Jurakulova, Özbəkistan Respublikası İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Proqnozlaşdırma və Makroiqtisadi Tədqiqatlar İnstitutunun direktoru Ümid Abidxadjaev arasında post-COVID dünyasında bölgə iqtisadiyyatının yenidən qurulmasının vacib bir yolu kimi, innovasiya və sahibkarlığın inkişafına dair səmərəli dialoq baş tutub.
“Fəaliyyət göstərən bir KOB mühiti yaratmaq məqsədilə, Agentliyimiz müxtəlif dəstək mexanizmlərini təqdim etmişdir. Biz mövcud mühiti təhlil edirik ki, dəstəyimiz yerli KOB-ların, o cümlədən gənclər və qadınlar kimi kənd yerlərindəki müəyyən qrupların ehtiyaclarına uyğunlaşdırılsın.” – deyə Orxan Məmmədov qeyd edib.