İllər sonra Qarabağda öz həyətlərində yenə tonqal qaladılar… – Bir ailənin hekayəsi (FOTO)

Azərbaycan Televiziyasında bayram günlərində daha bir premyera olacaq.
Martın 26-sı saat 21:00-da TV-də ilk dəfə yayımlanacaq qısametrajlı bədii film “Ocaq yeri” adlanır.

Trend xəbər verir ki, “Sabah” Yaradıcılıq Studiyasının ərsəyə gətirdiyi televiziya filmi erməni tapdağından azad olunmuş torpaqlarımıza “Böyük qayıdış”ın bir epizodunu özündə əks etdirir.
Filmdə həm işğal dövrü, həm də müasir dövr göstərilir.

Belə ki, filmdə 1992-ci ilin Novruz bayramı günlərində 41 yaşlı Rüstəmin əlinə silah götürüb doğma kəndini erməni quldurlarından qoruması nümayiş olunur. Lakin elə həmin gecə Novruz tonqalı ətrafında olan ailənin həyətinə mərmi düşür, Rüstəmin qızı həlak olur. Səhərə yaxın isə ermənilər yenə kəndə hücum edirlər. Rüstəm və həmkəndliləri öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar.

Daha sonra isə bu hadisələrin üzərindən 29 il sonrakı – yəni müasir dövr göstərilir. Azərbaycan Ordusu Qarabağı düşməndən azad edib, Rüstəmin ailəsi Novruzu öz kəndində qarşılayır. Ailəni isə xaraba qalmış kəndlərinə Rüstəmin zabit oğlu aparır. Onlar həyətlərini tapıb yenə tonqal qalayırlar.

Bədii televiziya filmində əsas rolları aktyorlar Zilli Namazov, İlqar Musayev, Rauf Ağakişiyev, Günel İmanova, Aygün Fətullayeva, Mübariz Nağıyev oynayırlar.

Teqlər: