İlknur Əliyevadan yeni xəbər: 189 minlik mənimsəmə…

İlknur Əliyevadan yeni xəbər: 189 minlik mənimsəmə…

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Zərinə Məmmədova bildirib ki, təqsirləndirilən şəxslər onun anası Gülnaz Məmmədovaya ümumilikdə 189 min 500 manat ziyan vurublar.

“Aytac bacıma dedi ki, qızıl alveri ilə məşğul olurlar. Bizi də iş qurmaq məqsədilə bu işə cəlb etdi. Həmin ilin yanvar-mart aylarında Aytac və İlknura pulları verdik. Martın 8-də bizə gəlir verilməli idi. Amma verilmədi. Dedilər ki, martın 21-ə kimi ödəniş olacaq. Amma ödəniş olmadı. Pulumuzu istəyəndə İlknur bizi hədələdi. Bildirdi ki, onun Dövlət Təhlükəsizliyi Xidmətində adamı var, şikayət etsək də, bir nəticəsi olmayacaq. Aprel ayında biz şikayət etdik. Bizə dəymiş ziyan bu günə kimi də ödənilməyib”, – şahid deyib.

O bildirib ki, sonradan Aytac onlara ziyanın ödənilməsi üçün torpaq sənədi verib:

“Biz həmin sənədi yoxladıq. Sənədin saxta olduğu məlum oldu. 50 min manatlıq qızılın gəliri üçün 25 min manat qazanc əldə edəcəkdik. İlknurun bizdən pul alması barədə səs yazısı və video da var. Həmin videoda bizdən nə qədər pul almasını etiraf edib. Aytac həmin vaxt Azərbaycanda olmadığı üçün onu çağıra bilməmişdik”.

Təqsirləndirilən şəxs isə onun gizli videoya çəkildiyini bildirib.

“Mən həmin çəkilişdən xəbərim olmayıb. Onlara getmişəm. Mənə dedilər ki, anam xəstədir, nə desək, təsdiq elə. Mən də onların dediyi kimi danışmışam. Çəkilişin olmasından xəbərim olmayıb. Ümumiyyətlə onlara DTX söhbətini etməmişəm”, – təqsirləndirilən şəxs deyib.

Daha sonra zərərçəkmiş Gülnaz Məmmədovanın vəkili vəsatətlə çıxış edib. O deyib ki, həbsdə olan təqsirləndirilən İlknur Əliyeva zamindədir. Onun sözlərinə görə, zamində olan təqsirləndirilən şəxs şahidlər təzyiq göstərir:

“Sonuncu iclasda da müdafiə etdiyim şəxs Gülnaz Məmmədovaya və onun qızlarına söz atıblar, təzyiq göstəriblər. Bu səbəbdən İlknur Əliyevanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun barəsində həbs qətinkan tədbirini seçilməsini istəyirik”.

Vəkil həmçinin cinayət işi üzrə məhkəmənin sürətləndirilməsini istəyib. Məhkəmə vəsarəti təmin etməyib.

Növbəti proses noyabrın 1-də davam edəcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Teqlər: