İlkinin əleyhinə ifadə vermədiyim üçün məni işdən çıxardılar – Nərminin qətli ilə bağlı məhkəmə

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu
kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə
təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən, təqsirləndirilən şəxs İlkin
Süleymanovun qonşusu Nazim Vəliyev bildirib ki, meyit onun hasarına
bitişik hissədə yandırılıb.

“Mən həmin vaxt evdə idim. İlkin Süleymanov bizim qapını döydü
və dedi ki, orada cəsəd yanır. Dərhal İlkinlə birlikdə meyit yanan
yerə getdik. İlkin polisdə işləyən əmisi oğlunu zəng vurub çağırdı
ki, bu barədə polisə məlumat versin. O, polisə məlumat verdi. Biz
İlkinlə qərara gəldik ki, hadisə anını telefona çəkək, gələcəkdə
istintaqa lazım ola bilər. Telefonla çəkdik və mən evdən bel
gətirdim, İlkin və əmisi oğlu isə su gətirdilər. Mən evdən bel
gətirənə qədər İlkinlə əmisi oğlu meyitin qarın hissəsinə qədər
olan yerini söndürmüşdü”, – deyə şahid bildirib.

Prosesdə ifadə verən digər şahid, İlkin Süleymanovun qonşusu
Mahir Orucov isə bildirib ki, o, həmin gün evdə olub: “Yoldaşım
həyətdən gəldi dedi ki, küçəyə polislər gəlib. Küçəyə çıxanda
bildim ki, bizim küçədə meyit yanıdırblar. Polislər meyitə 15 metr
qalmış lentdən sipər çəkmişdilər. Yaxına heç kimi buraxmırdılar.
Mən küçəyə çıxanda Nərminin atası hələ gəlməmişdi. 2 saata yaxın
orada oldum, hələ də Nərminin atası orada yox idi.
İlkin uşaqlıqdan mənim gözümün önündə böyüyüb. Həmişə onu tərbiyəli
adam kimi tanımışam. Mən həmin vaxta qədər Dəmir yolunda fəhlə
işləyirdim. İlkinin əleyhinə ifadə vermədiyim üçün məni işdən
çıxarıblar”.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar
Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim
oğlu tutularaq istintaqa cəlb edilib.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət
Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov
götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz
azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilib.

Teqlər: