Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunaraq, 18 il azadlıqdan məhrum edilən İlkin Süleymanov haqqında çıxarılmış hökm hələ də onun vəkillərinə təqdim olunmayıb.
AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İlkin Süleymanovun yaxınları bildirib. Qeyd edilib ki vəkillər iyunun 9-da növbəti dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanova müraciət edərək, hökmün surətini istəyiblər. Lakin yenə onlara hökmün sürəti verilməyib.
Qeyd edilib ki, müxtəlif bəhanələrlə hakim Dadaş İmanov hökmün surətini verməkdən imtina edir. Halbuki, qanuna görə, üç gün ərzində hökmün surəti tərəflərə təqdim olunmalıdır.
Vəkillər iyunun 9-da hakim Dadaş İmanovdan imtina cavabı alandan sonra Məhkəmə-Hüquq Şurasına şikayət ediblər. İlkin Süleymanovun atası İbrahim Süleymanov da həm Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, həm də Ali Məhkəmənin sədri İnam Kərimova teleqram göndərib.
O yazıb ki, Dadaş İmanovun sədrliyilə iki il davam edən məhkəmə prosesi boyunca oğlunun təqsirsiz olduğunu sübut edən çoxsaylı faktlar ortaya qoyulub. “Buna baxmayaraq, Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası ittiham hökmü çıxardı. Lakin bu hökmü necə əsaslandırdığı onlara məlum deyil. Çünki günlərdir müxtəlif bəhanələrlə hökmü verməkdən imtina edir” – deyə şikayətçi qeyd edib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Sülymanov 18 il müddətinə azadlıqdan mərhum edilib. İlkin Sıüymanov özünü təqsirli bilmir, vəkilləri isə ona bəraət verilməsini istəyirlər.