İlkin Süleymanovun əmisi oğlu, keçmiş polis əməkdaşı məhkəmədə dindirilib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10
yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin
Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi olub.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi
oğlu Murad Süleymanov üçüncü dəfə ifadə verib.

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin
suallarını cavablandırıb.

M.Süleymanov keçən məhkəmə prosesində ifadəsində bildirmişdi ki,
onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və
Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun
qaldığı otaqla arakəsmə olaraq yanbayandır və o heç vaxt həmin
otaqda səs eşitməyib.

Bugünkü ifadəsində də bildirib ki, bununla bağlı hətta səs
eksperti aparılıb: “İstintaq zamanı hüquq mühafizə orqanlarının
əməkdaşları Nərminin saxlanıldığı iddia edilən otaqdan mənim
ifadəmdə də dediyim otağa səsin gəlib-gəlmədiyi yoxlanılıb. Onlar
da orda danışılan zaman səsin eşidildiyini təsdiq edilib. Daha
sonda İstintaq zamanı meyitin tapıldığı ərazidə araba izi olub buna
görə kənd sakinlərinə məxsus arabaların təkər izi də yoxlanılıb.
Lakin bütün bunlar barədə istintaq işində qeydlərə rast gəlinməyib.
İlkini şöbəyə aparanda demişdilər ki, onu sadəcə şahid qismində
saxlayıblar, lakin sonra bizə dedilər ki, İlkin günahkardır. Ancaq
hansı əsaslara görə onu günahkar hesab edirlər, günü bu gün də
subut yoxdur”.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev son günlər sosial
mediada İlkinə sui-qəsd hazırlanması ilə bağlı yayılmış
məlumatlardan danışıb. Bildirib ki, yayılan məlumatlara görə, İlkin
Süleymanova sui-qəsd təşkil edib, adını da intihar qoymaq
istəyirlər: “Mən müvəkkilimlə dəfələrlə söhbət etmişəm, onun
intihar etmək fikri yoxdur. Hər hansı hadisə baş verərsə, bu, İlkin
Sülyemanova qarşı təxribat hesab olunacaq”.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 12-nə təyin
olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini
N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti
2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il
yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu
kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq
istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3
(adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan
olunub.

Teqlər: