Xəbər - Humay Ağacanova – Trend:
Bu görüş münaqişə başlayandan sonra xarici işlər nazirləri
səviyyəsində ilk görüşdür. Digər tərəfdən, görüşdə möcüzə gözləmək
lazım deyil, amma siyasi müstəvidə bu görüş mühüm başlanğıcdır.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya, Ukrayna və Türkiyə xarici
işlər nazirlərinin üçtərəfli görüşündən sonra Türkiyənin xarici
işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, bu görüşün liderlər səviyyəsində
keçirilməsi müzakirə olunub.
“Ukrayna tərəfi bildirib ki, cənab Zelenski belə görüşə
hazırdır, cənab Lavrov isə cənab Putinin prinsipcə buna qarşı
olmadığını bildirib. Onu da xatırlatmaq istərdim ki, prezidentimiz
son telefon danışığında Putinin prinsipcə buna qarşı olmadığını
birbaşa bildirdi. Bildiyiniz kimi, Belarusda nümayəndə heyətləri
arasında davam edən proses var. Biz Türkiyə olaraq bu prosesin
başlanmasını təşviq etdik. Bu prosesdə xüsusilə Ukrayna tərəfi bu
görüşlərin Türkiyədə keçirilməsini istəyirdi”, – deyə Çavuşoğlu
əlavə edib.