İlk dəfə: 8 lider Şuşada toplanır – Strateji hədəf…

İlk dəfə: 8 lider Şuşada toplanır – Strateji hədəf…

Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir.

Bunu AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal TDT-nin iyulun 5-6-da Şuşada keçiriləcək sammiti haqda danışarkən deyib.

Onun sözlərinə görə, TDT-nin Şuşa sammiti azad olunmuş ərazilərdə ilk beynəlxalq səviyyəli siyasi tədbirdir.

“Türk dövlətlərinin liderləri Şuşaya səfər edəcək. İndiyə qədər müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər edib, lakin bu sammitdə 8 ölkə lideri Şuşada mühüm siyasi məsələləri müzakirə edəcək. Bu, hər şeydən öncə azad olunmuş ərazilərda qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividentlər vəd edir.

Birincisi, Şuşa başda olmaqla azad olunmuş ərazilər siyasi dialoq məkanına çevrilə bilər, TDT-nin sammitinin bunun başlanğıcı olacağını düşünürəm.

İkincisi, bu bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaradır. Adətən xarici investorlar təhlükəsizliyə xüsusi önəm verir, çünki qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azad olunmuş ərazilərdə bu səviyyədə tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə olduğunu əyani şəkildə nümayiş etdirir”, – o bildirib.

A.Camal hesab edir ki, TDT sammitinin məhz Şuşada keçirilməsi, ümumiyyətlə qazandığımız zəfərin azad olunmuş ərazilərdə praktiki addımlarla hər keçən gün daha da möhkələndirilməsi istiqamətində atılan addımlar Prezident İlham Əliyevin dərin strategiyasının tərkib hissəsidir:

“Prezident İlham Əliyev tarixi zəfər qazandıqdan sonra bu zəfəri qalıcı etmək və əbədi qələbəyə çevirmək məqsədilə strateji addımlar atır. Bu addımların nəticəsi ortadadır. Azad olunmuş ərazilərimizə təkcə həyat qayıtmır, bu ərazilər həm də artıq siyasi-iqtisadi mərkəzə çevrilir. Fikrimcə, Qarabağ yaxın perspektivdə Cənubi Qafqazın da, türk dünyasının da, islam coğrafiyasının da əsas mərkəzlərindən biri olacaq. Bu, cənab Prezidentin həyata keçirdiyi doğru strategiyanın bəhrəsidir”.

Politoloq qeyd edib ki, TDT-nin Şuşa sammitini ümumilikdə türk dünyasının zəfər sammiti də adlandırmaq olar və bu, təşkilatın perspektiv üçün əhəmiyyətlidir.

“Fikrimcə, bu sammit türk dünyasının məhz Şuşada – Qarabağda daha sıx birləşməsinə, türk coğrafiyasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verəcək”, – A.Camal vurğulayıb.

Teqlər: