Azərbaycan Mərkəzi Bankı yanvarın 24-də keçirilmiş valyuta hərracında ilk dəfə olaraq banklar tərəfindən sifariş təqdim edilməməsi səbəbini açıqlayıb.
AzerTimes xəbər verir ki, qurumdan Oxu.az-a əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında irihəcmli profisit yarandığı bildirilib.
“Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2,2 dəfə artaraq 23,6 milyard ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12,3% artaraq üç milyard ABŞ dollarına çatıb”.
“Qeyd olunan məqamlar Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də göstərir. Məhz bu amillər 2023-cü ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib”, – deyə əlavə edilib.
Qeyd edək ki, bu ilin ynavarın 24 və 26-da Azərbaycan Mərkəzi Bankında valyuta hərracı keçiilsə də, banklar dollar sifariş etməmişdilər.