Azərbaycanın ingilisdilli qəzeti olan “Azernews” və Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzeti Azərbaycan-Türkiyə media platforması çərçivəsində ilk birgə media layihəsinin icrasına başlayıb.
AzerTimes xəbər verir ki, “Azernews” oxuculara qəzetin çap versiyasında ayrıca səhifədə “Yeni Şafak”ın tanınmış yazarları tərəfindən hazırlanmış siyasət, iqtisadiyyat, sosial, mədəniyyət sahəsində aktual xəbərləri təqdim edəcək.
Layihənin məqsədi Azərbaycan-Türkiyə əlaqələrinə, o cümlədən, media və informasiya mübadiləsi sahəsində də gələcək inkişafa töhfə verməkdir.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən “Azernews” qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. “Azernews” Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür. Eyni zamanda, “Azernews” “Impact Journalizm Day” beynəlxalq təşəbbüsünün Fransada təsis etdiyi “Sparknews” təşkilatında qəbul edilib. 60-dan çox qəzeti özündə birləşdirən bu layihədə “USA Today” (ABŞ), “Huffington Post” (ABŞ), “The Sunday Times” (Böyük Britaniya), “Le Monde” (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.
Qəzetin çap versiyası fərqli müasir dizaynda nəşr olunmağa başlayıb. Artıq ABŞ, Böyük Britaniya, Çin kimi dünyanın müxtəlif ölkələrində oxucular qəzeti bu yeni çap versiyasında oxuyurlar.
Türkiyənin “Yeni şafak” qəzeti 1994-cü ilin sentyabr ayından işıq üzü görüb və gündəlik çap olunur. Qəzetin tirajı 110 min nüsxədir. “Yeni şafak” Türkiyədə ən çox oxunan qəzetlər sırasında yer alır. Bundan başqa, qəzet sosial mediada ən çox izləyiciyə malikdir.