“İlin peşəkar gənci” adına layiq görülmüş gənclər mükafatlandırılıb (FOTO)

Mayın 11-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq
görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi
mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və
məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev bildirib ki, gənclər cəmiyyətin
əsas hərəkətverici və aparıcı qüvvəsi olmaqla hər bir dövlətin
gələcək inkişafının müəyyən olunmasında mühüm rol oynayıb:
“Ölkəmizdə də onların rolu həmişə yüksək qiymətləndirilib,
perspektivli fəaliyyətləri üçün hər cür şərait yaradılıb. Ulu Öndər
Heydər Əliyev istər sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə,
istərsə də müstəqil respublikamızın prezidenti olarkən gənclərə
xüsusi diqqət yetirirdi, onların sağlam mühitdə böyüməsi və tərbiyə
alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi
yetişməsi üçün dövlət səviyyəsində hər şey edirdi. Gənclər
siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər
imzalanır, onların sosiallaşmasına xüsusi diqqət yetirilir,
müxtəlif proqramlar hazırlanır, görüşlər keçirilir, layihələr icra
olunurdu”.

S.Möhbalıyev qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan
gənclər siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında
müstəsna rol oynamaqdadır: “Gənclərin rifahına xidmət edən dövlət
proqramlarının icrası onların potensialının inkişafına,
məşğulluğunun təmin olunmasına mühüm töhfələr verib. Dövlət
quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında gənclərin
fəaliyyəti təmin olunur, yaradıcı potensialı, qüvvəsi, bilik və
bacarığı yüksək qiymətləndirilir. Parlaq Zəfərlə başa çatan 44
günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün böyük bir sınaq
oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında
dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş
etdirdilər və Vətənin müdafiəsinə qalxdılar. Məhz onların
vətənpərvərlik hissi, yüksək döyüş ruhu 30 ilə yaxın müddət ərzində
düşmən işğalında olan torpaqlarımızı cəmi 44 günə azad etdi, hər
biri işğalçı düşmənə qarşı rəşadətlə döyüşdü. Vətən müharibəsi
göstərdi ki, onlar dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə
alıblar”.

Konfederasiya sədri deyib ki, Azərbaycan həmkarlar ittifaqları
dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz
səlahiyyətləri çərçivəsində hər zaman fəal dəstək verir: “Həmkarlar
ittifaqı üzvlərinin 22,2 faizini (29 yaşadək) gənclər təşkil edir.
AHİK müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin
hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi
sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”,
“Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar
ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan
həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas
istiqamətləri” və digər qərar və sənədlər qəbul edib ki, onlar da
uğurla həyata keçirilib”.

“AHİK-in dəstəyi ilə hər il yay aylarında həmkarlar
ittifaqlarının gənc liderlərinin forumları keçirilir,
maarifləndirmə kursları təşkil olunur. İl ərzində 100-dən artıq
gənc bu kurslarda öz bilik və bacarıqlarını artırır. Bundan başqa
ali və orta təhsil müəssisələrində əlaçı tələbə-gənclər üçün “Adlı
təqaüd”lər təsis edilir və onlara mükafatlar təqdim olunur. Artıq
20 ildən çoxdur ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən
mədəni-maarif hamiliyinə götürdüyü Cəmşid Naxçıvanski adına hərbi
liseydə təhsil alan gənc kursantların asudə vaxtlarının səmərəli
təşkili məqsədi ilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər,
baxış-müsabiqələr, idman yarışları keçirilir, qaliblərə AHİK-in
diplomu və qiymətli hədiyyələri verilir. Eyni zamanda təhsil ilinin
yekunlarına görə yüksək nəticələr qazanan və əla qiymətlərlə
oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar
həmkarlar ittifaqlarının pul mükafatları ilə də təltif edilirlər.
Bu günə kimi tərəfimizdən 2 mindən çox kursant AHİK-in diplomu və
qiymətli hədiyyələri ilə mükafatlandırılıb”, – S.Möhbalıyev
vurğulayıb.

Sonra 2021-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri
adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri
diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Mükafatlandırılan
gənclərin 38 nəfəri kişi, 21 nəfəri isə qadındır və onlar ən azı 3
il və daha çox əmək stajına malikdirlər.

Tədbirdə çıxış edən gənclər onlara hər zaman göstərilən dövlət
qayğısından danışıblar, buna görə dövlətimizin başçısı cənab İlham
Əliyevə minnətdarlıq ediblər.

Qeyd ediblər ki, Azərbaycan həmkarlar ittifaqları da öz
dəstəyini gənclərdən heç vaxt əsirgəmir, daim onları diqqətdə
saxlayır, fəaliyyətlərini yüksək qiymətləndirir.

Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və
əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının
respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və
həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirirılməsi
məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri
adı təsis edilib. İndiyədək 27 sahə həmkarlar ittifaqı
təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai
fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq
görülüb.

Teqlər: