Ölkəmizdə Dil nəzəriyyəsi və German dilləri ixtisasları üzrə görkəmli mütəxəssis, filologiya elmləri doktoru, professor İlham Tahirovu ilk növbədə yetkin bir elm adamı və məsuliyyətli, sözübütöv insan kimi dəyərləndirirəm.
İlham Tahirovu təxminən on ildir ki, tanıyıram. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışdığım zaman hərdən yolum İmadəddin Nəsimi adına Dilçilik İnstitutuna düşər və bu zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının beşinci mərtəbəsində – dəhlizdə salamlaşdığım insanlardan biri də sonralar yaxından tanıdığım professor İlham Tahirov olmuşdur. O zamanlar bu qarayanız cavan oğlan (maşallah, elə indinin özündə də yaxşı qalıb – cavanlardan bir o qədər də seçilmir) ilk növbədə mədəni və mehriban davranışı ilə diqqətimi cəlb edib. Düzü, həmin vaxt İlham müəllimin nə adını bilir, nə də hansı vəzifədə çalışmağı haqqında məlumatım var idi. Sadəcə olaraq mədəni rəftarı və səmimiliyi ilə diqqətimi çəkmişdi İlham müəllim…
2015-ci il dekabr ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyin olunarkən artıq İlham Tahirovu yaxından tanımağa başladım. Elə bu zaman öyrəndim ki, sən demə, Dilçilik İnstitutunun dəhlizində rastlaşdığım, salamlaşdığım və diqqətimi çəkən həmin cavan oğlan bu tanınmış elmi qurumda rəhbər vəzifə sahibi imiş – elmi katib vəzifəsində çalışırmış. Yaxından tanışlığımız zaman isə İlham müəllim artıq filologiya elmləri doktoru idi və İnstitutun “Qədim dillər və mədəniyyətlər” şöbəsində baş elmi işçi vəzifəsində çalışırdı. Həmkarım bir müddət keçdikdən sonra yanıma gələrək dedi:
– Möhsün müəllim, işlədiyim “Qədim dillər və mədəniyyətlər” şöbəsi ixtisasıma uyğun gəlmir. Ona görə də xahiş edirəm məni öz ixtisasıma uyğun olan “Dil nəzəriyyəsi” şöbəsinə keçirəsiniz.
İlham müəllim bu xahişində haqlı idi: həmin vaxt onun plan işi “Nəzəri dilçilik” şöbəsinin probleminə uyğun gəlirdi. Bununla belə, bir incə məsələyə görə İlham müəllimə “Hind-Avropa dilləri” şöbəsinə keçməyi təklif etdim. Beləcə, İlham müəllim öz ixtisasına uyğun olan “Hind-Avropa dilləri” şöbəsində işini davam etdirdi. Aydınlıq üçün qeyd edim ki, İlham Tahirov indiki Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və bu baxımdan onun əsl yeri, zənnimcə, elə “Hind-Avropa dilləri” şöbəsi olmalı idi və oldu da. Onu da vurğulamaq istəyirəm ki, İlham müəllimə bu təklifi etdikdə bir incə və həssas məqamı da nəzərə almışdım. Belə ki, sözügedən şöbəyə ingilis dili üzrə görkəmli alim, professor Oruc Musayev rəhbərlik edirdi. Oruc müəllim həmin vaxt ömrünün ahıl çağlarını yaşayırdı və aydın idi ki, bu gözəl insan gec-tez tutduğu vəzifəni tərk etməli olacaq. Belə də oldu: çox keçmədi ki, Oruc müəllim doxsan yaşı tamam olarkən öz ərizəsi ilə şöbə müdirliyindən istefa verdi və həmin şöbədə yeganə elmlər doktoru olan İlham Tahirov bu vəzifəyə irəli çəkildi. Buna İlham Tahirovun tam haqqı çatırdı. Zaman göstərdi ki, bu qərarımda heç də yanılmamışdım…
Professor İlham Tahirovla eyni elmi qurumda – Nəsimi adına Dilçilik İnstitutunda çalışdığımız beş ildən çox bir müddət ərzində həmkarımı həm savadlı elm adamı, həm də məsuliyyətli və sözünün üstündə duran, prinsipial bir insan kimi tanıdım. İnstitutun Elmi Şurasının bütün iclaslarında fəallığı ilə seçilirdi İlham müəllim. O, istənilən məsələ barədə öz fikrini bildirməkdən çəkinmir və iradını sübut etməyə çalışırdı. Düşünürəm ki, bu məsələ onun daxili təbiətindən gəlirdi. Zəngin həyat təcrübəmə görə, deyə bilərəm ki, belə insanlar, adətən, düzlüyü sevir və həqiqətin tərəfində olur. Hər halda, mən bu müddətdə İlham müəllimi belə bir elm adamı və insan kimi tanıdım. İnstitutun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının iclaslarında da İlham Tahirov bu keyfiyyəti ilə seçilirdi. Müdafiə Şurasının demək olar ki, bütün iclaslarında İlham müəllim mütləq və mütləq öz sözünü deyərdi. Açığını deyim ki, bu cür insanları mən təqdir edir, onları dəstəkləyirəm. Axı təbiət etibarilə özüm də uşaqlıqdan haqqın, ədalətin tərəfdarı olmuş və ömür boyu bu yoldan çəkinməmişəm. İnsan gərək öz vətəndaşlıq borcunu yerinə yetirsin və haqqın, doğruluğun tərəfində olsun. Bəli, mən professor İlham Tahirovu belə bir alim-insan kimi tanıyıram…
Professor İlham Tahirovun elmi fəaliyyətini incələmək fikrində deyiləm. Yəqin ki, bir çoxları bu barədə öz fikirlərini yazılarında, çıxışlarında bildirəcəklər, buna heç bir şübhəm yoxdur. Bu barədə bircə onu deyə bilərəm ki, İlham Tahirov öz ixtisası, xüsusilə də Dil nəzəriyyəsi indeksinə görə ölkəmizdə tanınmış mütəxəssislərdən biri sayılır. Dəfələrlə şahidi olmuşam ki, ölkəmizin müxtəlif elmi qurumlarından ayrı-ayrı şəxslər professor İlham Tahirovun onlara elmi rəhbər təyin olunması ilə bağlı xahişlə müraciət ediblər. Deməli, İlham müəllim bir çox qurumlarda nüfuzlu və mötəbər bir elm adamı kimi tanınır və bunu öz elmi fəaliyyətində sübuta da yetirir…
Təxminən 2020-ci ilin əvvəllərində professor İlham Tahirova qısa bir müddət ərzində Azərbaycan dilində yazılmış standart və yığcam mətnlərin, eləcə də Azərbaycan coğrafi adlarının əcnəbi dillərə transliterasiya cədvəllərini hazırlamaq işini tapşırdım. İlham müəllim bu dövlət əhəmiyyətli işi qısa bir zamanda yerinə yetirəcəyinə söz verdi və sözünün üstündə durdu da. Çox çəkmədi ki, qısa bir zamanda həmin cədvəllər hazırlandı və müvafiq qurumlara təqdim edildi. Qeyd edim ki, bu iş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət Proqramı”nda nəzərdə tutulmuşdu, məhz buna görə də xüsusi əhəmiyyət daşıyırdı. Bu iş həm də müstəqilliyimizin öz bəhrəsini verməsinin bir sübutu idi. Bəli, biz artıq müstəqil bir dövlət kimi, Azərbaycan dilində yazılmış mətnin altı əcnəbi dilə transliterasiya işini həyata keçirmiş olurduq. Onu da qeyd edim ki, professor İlham Tahirovun bu yaxınlarda coğrafi adlarımızla bağlı, sanballı bir kitabı da işıq üzü görüb: “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində”. Bu kitab ölkəmizin ərazi vahidləri adlarının orfoqrafik normalara uyğun yazılış formasının ingilis dilinə transliterasiyasına həsr olunmuş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan coğrafi adlarının xarici dillərə transliterasiyası” adlı birgə layihəsinin mühüm bir nəticəsi kimi ərsəyə gəlmişdir. Həmin layihə çərçivəsində İlham Tahirovun hazırladığı qaydalar əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti 16 dekabr 2020-ci ildə “Azərbaycan Respublikası coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasına transliterasiyası Qaydaları”nı təsdiq etmişdir. Qeyd edim ki, bu iş müstəqillik dövrü üçün ilk təcrübə hesab olunur. Həmin “Qaydalar” əsasında hazırlanaraq nəşr edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı kitab ölkədaxili və beynəlxalq istifadə üçün nəzərdə tutulan sənədlərdə, KİV-də, kartoqrafik nəşrlərdə Azərbaycan Respublikasının ərazi vahidlərinin adlarının ingilis dilində verilməsi işində pərakəndəliyin aradan qaldırılması, bu prosesin unifikasiya edilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Yetkin bir dilçi alim və məsuliyyətli, sözübütöv bir insan kimi tanıdığım filologiya elmləri doktoru, professor İlham Tahirov haqqındakı bu kiçik yazımın sonunda hörmətli həmkarımı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, yubilyara həyatda möhkəm cansağlığı, könül xoşluğu və elmi fəaliyyətində yeni-yeni uğurlara imza atmağı diləyirəm.
Akademik Möhsün Nağısoylu